ƏL-LULU VƏL MƏRCAN
İNCİ VƏ MƏRCAN

BUXARİ VƏ MUSLİMİN
İTTİFAQ ETDİYİ HƏDİSLƏR

Müəllif: Muhəmməd Fuad İbn AbdulBəqi
Tərcümə: K.Huseyn

Yüklə – DOC [9.4 MB] Yüklə – PDF [59 MB]

RƏHİMLİ VƏ MƏRHƏMƏTLİ OLAN ALLAHIN ADI İLƏ

ÖN SÖZ

Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Məhəmməd onun qulu və elçisidir.

«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün». (Ali-İmran 102).

«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) Bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1).

«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar». (əl-Əhzab 70-71).

Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd – səllallahu aleyhi və səlləm – in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə zəlalətdir (sapıqlıqdır), hər bir zəlalət isə oddadır .

«Ey Rəbbim! köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar». (Ta ha 25–28).

Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah – səllallahu aleyhi və səlləm – in yoluna uyaraq öz risaləmi «Bismilləh» ilə başlayıram. Çünkü Allah Rəsulu – səllallahu aleyhi və səlləm – də öz məktublarını «Bismilləh» ilə başlamış və buyurmuşdu: «Hər mühüm bir işə «Bismilləh» ilə başlanılmazsa, o işin sonu kəsikdir».

Müsəlmanlara dəyərli bir kitab topluyub bəxş edən Muhəmməd Fuad AbdulBəqiyə (Allah ona rəhmət etsin) Uca Allahdan rəhmət və məğfirət, məqamının Cənnət olmasını Allahdan diləyirik. Şeyx H. 1299-cu il Cumədəl Əvvəl 3 (Mart 1882-ci ildə) Qahirədə doğulmuşdur. Muttəfiqun Aleyh – nəzərində ittifaq olunan söz və ya məsələ deməkdir. Səhabələrin ittifaq etdiyi və heç birinin müxalif olmadığı deməkdir. Hədisdə isə bir hədisin səhihliyi üzərində hədis imamlarının birləşdiyi, hədisin səhih olduğunu söyləmələridir.

Bu kitab isə Səhih Buxari və Səhih Muslimdən toplandığı üçün Muttəfiqun Aleyh adlanmışdı. Çünki onlardan sonra gələn bir çox alimlər bir hədisin Buxari və Muslimdə olması hədisin səhih olması üçün yetərlidir demişlər. İslam dünyasında böyük bir etibar qazanmış və içində olan hədislərin səhih olmasına dair bir çox alimlər ittifaq etmişlər. İbn Əsir (Allah ona rəhmət etsin) deyir ki: “Hər ikisi də kitablarına səhih ismini vermişlər və səhih ismini verən ilk alimlər olmuşlar. Bu iki alim söylədikləri sözə sadiq qalmış, bu etibarı doğrultmuşlar, buna görə də Allah onları şərqdə və qərbdə, quruda və suda da doğrultmuşdur. Bunun belə olmasının səbəbi niyyətlərinin doğru olması, qəlblərinin ixlaslı olması, kitablarına yazdıqları hədislərin səhih olmasıdır” . (Cəmiul usul Fi Hadisil Rasul 41,42. ) Qurani Kərimdən sonra ən güvənilir hökm olaraq qəbul edilmişdir.

Bu Barədə Yazılan Kitablar:

1. Risalə Fi Bəyani Mə İttəfəqa Aleyhi Buxari və Muslim Və Mə İnfəradə Əhəduhumə Anil Ahar. Muəllif: Əli İbn Ömər əd-Dərakutni.

2. Muvaqatul Buxari Və Muslim. Muəllif: Muhəmməd İbn Tahir əl-Məqdisi İbnul Qaysarani.

3. Mufidus Sami Vəl Qari Mimmə İttəfəqa Aleyhi Muslim Vəl Buxari. Muəllif: “Əhməd AbdurRahman İbn Muhəmməd əl-Hariri.

4. Zadul Muslim Fimə İttəfəqa Aleyhil Buxari Məa Muslim. Muhəmməd Həbibullah əş-Şingiti. Kitabda 1368 Hədis vardır.

5. əl-Lulu Vəl Mərcən Fi Mə İttəfəqa Aleyhi Şeyxan. Muəllif: Muhəmməd Fuad AbdulBəqi.

Kitabda hədislər mətn olaraq Səhih Buxarinin mətni nəzərə alınmışdır (1200 Hədis). Lakin az bir qism olaraq Səhih Muslimin mətnləri də vardır (400 Hədis). Hədislərin düzlüşü, başlıqlar və bölümlər Səhih Muslimə görə əsas götrülmüşdür. Muəllif qeyd etmişdir ki, kitabında 2006 hədis yer almışdır. Lakin kitabda 1906 hədis olduğudur. Hər iki tərəfdən də hədislərin həm Buxaridə, həm də Muslimdə olan yerləri bir neçə mətbəə nəşrlərinə əsasən qeyd edilmişdir.

İlk növbədə Allahdan bu işimin dolğun, düzgün şəkildə tərcümə edib başa çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər haradasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır. Şeytandan və çarəsizlikdən Allaha sığınıram. Burada düzəldilməsi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüd-nəsihət verəndən, səhvlərimi və xətalarımı mənə bəyan edəndən Allah razı olsun. Allah onu xeyirlə mükafatlandırsın! Mən ona əvvəlcədən öz təşəkkürümü bildirirəm.

Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona arxalanıram. Həmd və nemət yalnız Onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da Odur. “Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et”. (əş-Şuəra 78-85).

Allahın salavat və salamı onun Peyğəmbəri Muhəmmədə, sallallahu aleyhi və səlləm , onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun!

Bitirdim: Miladi 2014-ci il 29 Mart
Hicri: 1435-cü il Cumədəl Əvvəl 27
Həmd Olsun Aləmlərin Rəbbi Olan Allaha! (Yunus 10)