• Çərşənbə, Oktyabr 24th, 2018 1:17
İslamın əsəsları – Əqidə kitabı 1

İslamın əsəsları – Əqidə kitabı 1

KİTAB - Buxari və Muslimin ittifaq etdiyi hədislər

ƏQİDƏ KİTABI 1

ƏHLİ SÜNNƏ VƏL CƏMAAT

Sələfi Salihin Əqidəsi

İSLAMIN ƏSƏSLARI

Bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
06 Avqust 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №DK-96/H

TOPLAYAN VƏ TƏRTİB EDƏN K. HÜSEYN
KİTABIN BÜTÜN HAQLARI QORUNUR

RƏHİMLİ VƏ MƏRHƏMƏTLİ OLAN ALLAHIN ADI İLƏ

ÖN SÖZ

Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Məhəmməd onun qulu və elçisidir.

«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün». (Ali-İmran 102).

«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) Bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1).

«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar». (əl-Əhzab 70-71).

Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd – səllallahu aleyhi və səlləm – in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə zəlalətdir (sapıqlıqdır), hər bir zəlalət isə oddadır .

«Ey Rəbbim! köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar». (Ta ha 25–28).

Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah – səllallahu aleyhi və səlləm – in yoluna uyaraq öz risaləmi «Bismilləh» ilə başlayıram. Çünkü Allah Rəsulu – səllallahu aleyhi və səlləm – də öz məktublarını «Bismilləh» ilə başlamış və buyurmuşdu: «Hər mühüm bir işə «Bismilləh» ilə başlanılmazsa, o işin sonu kəsikdir».

Allah – subhənəhu və təalə – nin bu ümmət üzərindəki nemətlərindən biri də heç şübhəsiz ki, bu ümmətin dinini kamil etməsi, bu ümmət üzərindəki nemətini tamamlaması və ona İslamı din olaraq seçmiş olmasıdır. Allah, Muhəmməd – sallallahu aleyhi və səlləm – i aləmlərə rəhmət, əməl edənlərə öndər, qullarına hüccət olaraq hidayət və haqq dini ilə göndərdi.

O, – sallallahu aleyhi və səlləm – ona verilən əmanəti yerinə yetirdi, risalətini təbliğ etdi, ümmətinə öyüd verdi, dinin əsaslarından tutmuş hər bir şeyi incəliyinə kimi bizə xəbər verdi. Açıqlamadığı bir şey, ümmətini sövq etmədiyi bir xeyr və onları çəkindirmədiyi bir pislik buraxmadı. Səhabələr onun aydınlıq yolu üzərində yürüdükləri kimi, onların yollarına uyan kimsələr də bu yolda yürüməyə başladılar. Bu ümməti gecəsi gündüzü kimi aydın olan bir yolun üzərində buraxmamış canını təslim etmədi.

Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizə gecəsi gündüzü kimi tər-təmiz bir yol qoyuram. Bundan sonra kimsə yoldan azmaz. Azanlar isə həlak olurlar»  (İmam Əhməd «Musnəd»). Belə ki, bu yoldan həlak olandan başqası azmaz. Bu rəhmət Peyğəmbəri, bu ümməti Cənnətə yaxınlaşdıracaq və Cəhənnəm atəşindən uzaqlaşdıracaq xeyir naminə hər nə varsa mütləq onu göstərmiş, nə qədər pislik varsa bu ümməti o, pislikdən çəkindirmişdir.

Allah bizlərə anlaşılmazlığa düşdüyümüz məsələlərdə bu anlaşılmazlığı Allah və Rəsuluna buraxmağımızı tövsiyə edərək: «Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və Qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərinə həvalə edin! Bu daha xeyirli və nəticə etibarı ilə daha yaxşıdır». (ən-Nisa 59).

Yüklə – DOC [1.6MB] Yüklə – PDF [1.3MB]
TƏKFİR FİTNƏSİ - ƏHLİ SÜNNƏTİN TƏKFİR MƏSƏLƏSİNDƏ MÖVQEYİ

Digər faydalı dərslər

Comments are closed.