• Çərşənbə , 13 Dekabr 2017
Allahın ad və sifətləri (1-ci hissə)

Allahın ad və sifətləri (1-ci hissə)

KİTAB - Buxari və Muslimin ittifaq etdiyi hədislər

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Allahın ad və sifətlərini öyrənmək çox mühümdür. Çünki bu elm ən şərəfli, ən əzəmətli və ən çox ehtiyaclı olan elmdir. Bu elmin şərəfini bəyan etmək üçün kifayətdir ki, Aləmlərin Rəbbi olan Allahın ad və sifətlərini öyrəndiyini biləsən. Məgər bundan daha şərəfli elm ola bilərmi? Əlbəttə ki, xeyr.

Eləcə də bu elm, bütün elmlərin açarı, bütün xeyirlərin əsasıdır. Çünki kim Allahı tanıyarsa, başqa şeyləri də tanıyar, kim də Allahdan qafil olarsa, başqa şeylərdən də qafil olar. Uca Allah buyurur:

وَلا تَكُونُوا كَالَّذِينَ نَسُوا اللَّهَ فَأَنْسَاهُمْ أَنْفُسَهُمْ

O, kəslər kimi olmayın ki, onlar Allahı unutdu, Allahda onlara özlərini unutdurdu.

Yəni kim Rəbbini unudarsa, Allah da ona öz zatını unutdurar və bununla da özünü tanımaz və xeyrin, məsləhənin harada olduğunu belə bilməz. Həmçinin öz həyatını, öz yaşayışını unudar, çünki artıq fitrətindən çıxmışdır.
Ona görə də deyilir ki, Allah barəsində olan elm, bütün elmlərin əslidir.

Həmçinin insan nə qədər çox Allahı tanıyarsa, o qədər də Allahı çox sevər.
Allahı tanımağın yolu isə yalnız Onun gözəl adlarını və sifətlərini öyrənməklə mümkündür. Ən acınacaqlı hal odur ki, müsəlmanlardan Rəbbi haqqında, Onun adları, sifətlərini soruşduqda, o bunları bilmir.
Ümumən bilmək lazımdır ki, Allah təalanın ad və sifətlərini yalnız Quran və sünnə vasitəsi ilə tanımaq olar.

Bəziləri sual edə bilər ki, Allahı görməmiş, Onu necə tanımaq olar?
Cavab olaraq deyirik ki, Uca Allahı tanımaq yalnız Quran və Sünnə vasitəsi ilə mümkündür. Çünki səhih hədisdə Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurur:

تَعَلَّمُوا أَنَّهُ لَنْ يَرَى أَحَدٌ مِنْكُمْ رَبَّهُ عَزَّ وَجَلَّ حَتَّى يَمُوتَ

Bilin, ki, sizdən heç biriniz ölməmiş Rəbbini görməyəcəkdir.

Həmçinin bəşəriyyət heç bir zaman öz ağılları ilə müstəqil olaraq Allahın sifətlərini qavraya bilməzlər. Çünki insanın elmi məhduddur. Bu haqda Uca Allah buyurur:

وَمَا أُوتِيتُمْ مِنَ الْعِلْمِ إِلَّا قَلِيلاً

Sizə yalnız az bir bilik verilmişdir.

Bu səbəbdən də, Allahın ad və sifətlərini bilmək yalnız vəhy vasitəsi ilə mümkündür. Ona görədə Allahın rəhmətindəndir ki, Allah təala Özünü tanıdan və Onun yoluna çağıran Rəsullar göndərib və bu Rəsulların dəvətinin əsası hədəfi insanlara Allahı tanıdırmaq olub. Onun adlarını, onun sifətlərini, onu feillərini və s.

Həmçinin Allahı tanımaq onun adlarını, sifətlərini öyrənmək insanın imanının çoxalmasının ən böyük səbəbidir. İnsan nə qədər Rəbbini çox tanıyarsa o qədərdə imanı artar və Alladan daha çox qorxar, çünki Allah təala Quranda buyurur:

إِنَّمَا يَخْشَى اللَّهَ مِنْ عِبَادِهِ الْعُلَمَاءُ

Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar.

Allahı tanımaq dedikdə iki şey qəsd edilir:
1- Allahın özünü tanımaq, yəni Allahın öz nəfsini, hansı sifətlərlə vəsf olunduğunu bilmək.
2- Allahın şəriətini bilmək, şəriətin əhkamlarını öyrənmək, yəni Allahın əmrlərini bilmək, onun qadağan etdiklərini bilmək, haram və halalı bilmək.
Bu səbəbdən sələfilərin bəzisi demişdir:

العلماء ثلاثة
عالم بالله ليس عالمًا بأمر الله
عالم بأمر الله ليس عالمًا بالله
عالم بالله وبأمر الله

Alimlər üç növdür.
Allahın özünü tanıyan, lakin əmirlərini bilməyən.
Allahın əmrlərini bilən, amma özünü tanımayan.
Allahı tanıyan və onun əmrlərini bilən.

Bu səbəbdən deyilir ki, Allahı tanıyan, Allahdan ən çox qorxandır. Allahın əmrlərini bilən isə halal və haramı biləndir.

Əhli-Sünnənin Allahın Ad və Sifətlərində etiqadı

1– Əhli-Sünnə Quran və Sünnədə varid olana və inkar edilənə etiqad edir. Yəni, Allahu təalə Özünü Qurani-Kərimdə necə adlandırıbsa, eləcə də Rasulullah (sallAllahu aleyhi və səlləm) Onu necə adlandırıbsa, Əhli-Sünnə də Allahı məhz o cür adlandırır. Buna nə əlavə edir, nə də əksildir.

2– Həmçinin Allahu təalə Özünə nəyi vəsf edibsə, Rasulullah (sallAllahu aleyhi və səlləm) Ona nəyi vəsf edibsə, Əhli-Sünnə də Allahı bununla vəsf edərək isbat edir.

3– Həmçinin Allahu təalə Özü barədə nəyi inkar edibsə, Rasulullah (sallAllahu aleyhi və səlləm) Onu barədə nəyi inkar edibsə, Əhli-Sünnə də bunun əksinin kamilliyinə etiqad edərək, bunları inkar edir.
İmam Əhməd (rahiməhullah) buyurur:

لا يوصف الله إلا بما وصف به نفسه أو وصفه به رسوله صلى الله عليه وسلم لا نتجاوز القرآن والسنة

Allahu təalə Özünə nəyi vəsf edibsə, həmçinin Rasulullah (sallAllahu aleyhi və səlləm) Ona nəyi vəsf edibsə, Allah da yalnız onunla vəsf olunur. Ona görə də biz Quran və Sünnəni aşmırıq.

Şeyxul İsləm İbn Teymiyyə (rahiməhullah) buyurur:

وطريقة سلف الأمة وأئمتها: أنهم يصفون الله بما وصف به نفسه وبما وصفه به رسوله من غير تحريف ولا تعطيل، ولا تكييف ولا تمثيل، إثبات بلا تمثيل، وتنزيه بلا تعطيل

Sələfilərin yolu budur ki, Allahu təalə Özünə nəyi vəsf edibsə, həmçinin Rasulullah (sallAllahu aleyhi və səlləm) Ona nəyi vəsf edibsə, onlar da heç bir təhrifsiz, inkarsız, keyfiyyətinə varmadan və oxşatmadan bunu qəbul edirlər.

Göründüyü kimi sələfilərin etiqadına görə onlar Allahın sifətlərini təhrifsiz, inkarsız, keyfiyyətinə varmadan və oxşatmadan qəbul edirlər.

Əhli-Sünnə Allahın Ad və Sifətlərini bu dörd qayda üzərində qəbul edir. Bu dörd qayda yoxdursa, demək ki, o artıq Əhli-Sünnənin əqidəsi deyildir.

Bu dörd qaydanı şərh edək:
1- Təhrif etmədən.
2- İnkar etmədən.
3- Keyfiyyətinə varmadan.
4- Oxşatmadan.
1- Təhrif etmədən. Yəni, məs. Allahu Təala Quranda buyurur ki, “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi?
Bu ayədə Uca Allah özünü iki əllə vəsf etdi. Beləcə Əhli Sünnə bu ayəni təhrif etmədən Allah təalanın iki əlinin oldugunu isbat edir.
Təhrif- yəni, sözə başqa məna vermək, başqa mənaya meyl etmək, mənanı dəyişmək və ya deyilən sözü başqa mənaya yozmaq – deməkdir.
Əhli sünnənin əqidəsi isə təhrifdən uzaqdır. Yəni Onlar Allah təalanın sifətlərini Təhrif etmədən isbat edirlər. Lakin müxaliflər bu ayəni təhrif etmişdir. Onlar ayədə keçən “əl” ləfzini dəyişərək, əvəzinə nemət və ya qüdrət mənasını vermişdilər. Şəkk yoxdur ki,bu batildir.

2- İnkar etmədən. Yəni, məs. Allahu Təala Quranda buyurur ki, “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi?
Yəni, Əhli-Sünnə Allahın əlini inkar etməyərək, ayəni olduğu kimi qəbul edir. Lakin bəzi bidət əhli bu qorxularından dolayı Allahın əlini inkar etmişlər. Onlar düşünürlər ki, əgər insanın əli varsa, demək ki, Allahın əli ola bilməz. Beləliklə də onlar Allahın əlinin olmasını inkar etdilər. Lakin Əhli-Sünnə Allaha layiq şəkildə, bunu isbat etdi. Yəni insanın əlinə oxşatmadı, Allahın özünə layiq şəkildə əlinin olduğunu söylədi. Çünki ayəni inkar etmək küfrdür. Allahu təalə özünü “iki əl ilə” vəsf edibsə, demək ki, Allahu təalənın iki əli vardır.

3- Keyfiyyətinə varmadan. Yəni, Əhli-Sünnə Allahın əlinin filan formada olduğunu, necəliyinin məlum olduğunu, filan keyfiyyətə sahib olduğunu söyləmir. Onlar Allahu təalənin sifətlərini isbat edərkən keyfiyyətə varmırlar.

4- Oxşatmadan. Yəni, Əhli Sünnə Allahu təalanın “əl”inin olduğunu söylədikdə, onu məxluqatın əlinə bənzətmir. Yəni, demir ki, “Allahın əli mənim əlim kimidir.”

Bu şərtlər Əhli-Sünnənin ə qidəsində Allahu təalənin Ad və Sifətlərini isbat etmək üçün əsaslardır. Biz bu dörd qaydasa əsasən Allahın Ad və Sifətlərini isbat edirik. Əgər bu dörd qaydadan biri olmazsa, bu artıq Əhli-Sünnənin əqidəsi deyildir.

Təəssüf ki, bəzi müxaliflər Əhli-Sünnəyə müxtəlif adlar vermiş və Əhli-Sünnənin Allahı məxluqata bənzətdiyi iddia etmişlər. Lakin onlar Əhli-Sünnənin Allahın ad və sifətlərini bu dörd qayda üzərində qəbul etdiyini bilmirlər. Əgər onlar təkcə dördüncü qaydanı biləsəydilər, Əhli-Sünnəyə bu iftiranı atmazdılar.

Ardı Var…

Müəllif: Rəşad Hümbətov

Sonda Həmd olsun aləmlərin Rəbbi olan Allaha!

Yüklə – DOC [63 KB] Yüklə – PDF [188 KB]
TƏKFİR FİTNƏSİ - ƏHLİ SÜNNƏTİN TƏKFİR MƏSƏLƏSİNDƏ MÖVQEYİ

Digər faydalı dərslər