• Bazar ertəsi , 26 İyun 2017
Allahın ad və sifətləri (2-ci hissə) – Şübhələrə cavab

Allahın ad və sifətləri (2-ci hissə) – Şübhələrə cavab

KİTAB - Buxari və Muslimin ittifaq etdiyi hədislər

Rəhmli və Mərhəmətli Allahın adı ilə

1– Müxaliflər iddia etmişlər ki, Sad surəsi 75-ci ayədə (“Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi?”) keçən “əl” sözü nemət mənasındadır. Qeyd edim ki, bu ayəni sadəcə misal gətirmək üçün qeyd edirəm, yəni hər hansısa bir sifəti istisna etmirəm.

Müxaliflərin bu iddiası – şübhəsiz ki, Allahu təalənin kəlamını təhrif edərək başqa məna verməkdir.

Buna cavab olaraq deyirəm ki, “əl” ləfzi heç bir zaman nemət mənasında işlənə bilməz. Çünki Allahu təalə bu kəliməni ikilikdə işlətmişdir, lakin məlumdur ki, Allahu təalənin neməti iki deyil, daha çoxdur. Necə ki, Uca Allah buyurur:

وَإِن تَعُدُّواْ نِعْمَةَ اللَّهِ لاَ تُحْصُوهَا

Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz.

Bu səbəbdən bu cür iddia batildir.
2– Müxaliflər iddia etmişlər ki, Sad surəsi 75-ci ayədə keçə “əl” sözü qüdrət mənasındadır.
Bu iddiaya da eyni ilə cavab verə bilərik ki, Allahu təalənin iki qüdrəti yoxdur. Və aydındır ki, qüdrət iki ola da bilməz. Bu şübhədə batildir.

3– Müxaliflər iddia edir ki, Qurani Kərimdə keçən Allahıb sifətləri həqiqi deyil, məcazidir. Bu onların ən böyük şübhələrindəndir. Lakin Əhli-Sünnə bu iddianın batil olduğunu isbat edərək deyir ki, Allahu təalənin Qurani-Kərimdə keçən bütün sifətləri həqiqidir. Yəni, onlar Allah təalanın zatı sifətlərinə məcaz deməklə, həmin sifətin həqiqi olmasını qəbul etmirlər.

Onlar öz şübhələrində iddia edirlər ki, Quranda keçən “əl” kəliməsi məcazi mənada işlənmiş və bununla həqiqi əl deyil, başqa məna qəsd olunmuşdur. Çünki Allahu təalənin bir neçə səbəbdən əli ola bilməz. Bu səbəblərdən məs: İnsanın da əli var, həmçinin Allahın əli olması o deməkdir ki, Allahın ələ ehtiyacı vardır və s…
Şübhəsiz ki, bu iddialar batildir.

Bu şübhəyə cavab olaraq deyirik ki, Allahın “əl” sifətinə məcaz deyənlər, Allahın digər sifətlərinə həqiqi deməməlidirlər. Lakin onlar Allahın digər sifətlərini həqiqi qəbul edirlər, məs: Allahu təalənin eşitmək, görmək, danışmaq sifətini həqiqi qəbul etmişdirlər.
Qarşıya bir sual çıxır: “Müxaliflər nəyə görə Allahın “əl” sifətinə məcaz dediyi kimi, Allahın “eşitmək”, “görmək”, “danışmaq”, sifətinə də məcaz deməmişlər?”

Bu sualın cavabında deyirəm ki, onlar Allahın bu sifətlərini inkar edə bilməyiblər. Çünki, bu sifətləri inkar etmək o deməkdir ki, Allahu təalə nə görür, nə eşidir, nə də ki, danışır. Daha aydın desək, onlar Allahın “əl” kəliməsinə məcaz dedikləri kimi, Allahın eşitmək, görmək, danışmaq sifətlərinə də məcaz desəydilər, iddia etmiş olardılar ki, Allah kar, kor və laldır. Bunu iddia etmək isə müxalifləri kökündən həlak edərdi.

Demək bidət əhli və ya Əhli-Sünnəyə müxalif olanlar Allahın bəzi sifətlərini qəbul etmiş, bəzi sifətlərini isə məcaz adlandırıb inkar etmişdir. Lakin Əhli-Sünnə Allahu təalanın bütün sifətlərini heç bir məcaz olmadan həqiqi olaraq isbat edir.
Müxaliflərin bu iddiası, yəni Allahu təalənin bəzi sifətləri məcazi, bəzi sifətləri isə həqiqi olması iddiası öz arasında ziddiyyət təşkil edir. Yəni, necə ola bilər ki, Allahın bir sifəti həqiqi, digər bir sifəti isə məcazi olsun?!

Biz bidət əhlinə “Nə üçün Allahın bəzi sifətlərinə həqiqi, bəzilərinə isə məcazi söyləyirsiniz?” – deyə sual verdik də, onlar bu cür cavab verirlər:
– Çünki məcaz dediyimiz sifətləri Allaha aid etmək nöqsanlıqdır. Məs, biz desək ki, Allahın əli var, bu Allahı nöqsanlıqla vəsf etməkdir, çünki insanın da əli var və eləcə də Allahın “əl”-ə ehtiyacı yoxdur. Ümumən Allahın heçnəyə ehtiyacı yoxdur.

وَلَمْ يَكُن لَّهُ كُفُوًا أَحَدٌ

Onun heç bir tayı bənzəri yoxdur.

Buna cavab olaraq deyirik ki, bu cür iddia da batil və ziddiyətlidir. Əgər insanın əli olduğu üçün Allahu təalənin “əl” sifətinə məcaz deyirlərsə, demək ki, Allahın görmək, eşitmək və s. sifətlərinə də məcaz deməlidirlər. Çünki insan da görür və eşidir. Necə ki, Allahu təalə buyurur:

فَجَعَلْنَاهُ سَمِيعًا بَصِيرًا

Biz insanı eşidən və görən etdik.

Biz onlara sual edirik: “Allahın da görmək sifəti var, insanın da görmək sifəti var. Məgər Allahın görməyi ilə insanın görməyi eyni ola bilərmi?”

Əgər onlar eynidir söyləsələr, müsəlman icmasına görə Allahı məxluqa bənzətməklə küfr etmiş olurlar. Əgər eyni deyildir söyləsələr, deyəcəklər ki, Allahın görməyi özünə layiq şəkildə, insanın da görməyi özünə layiq şəkildədir.
Bu zaman onlara söyləyirik ki, insanın görmək sifəti olduğu halda, Allahın da görmək sifətini necə təsdiq etdinsə, eləcə də insanın əli olduğu halda, Allahın da əli olmasını təsdiq etməlisiniz. Yəni bu sifətdə də söyləməlisiz ki, Allahın əli özünə layiq şəkildədir, məxluqa bənzəmir.

Həmçinin onlar iddia edir ki, Allahın “əl”i olduğunu söyləmək nöqsanlıqdır. Yəni, onların iddiasına görə Allahu təalə Qurani-Kərimdə özünü nöqsanlıqla vəsf etmişdir. Bu isə batil və puç iddiadır. Yəni, sən Allahu təalədən özünü nə ilə vəsf etdiyini daha mı yaxşı anladın və ya Allahu təaləni Özündən daha mı yaxşı tanıdın?
SubhənAllahil Azim.

Həmçinin bu cür iddia etmək bir-başa Rasulullaha –sallAllahu aleyhi və səlləm- “əmanətə xəyanət etmişdir” –deyə iftira atmaqdır. Çünki Uca Allah buyurur:
Ey Rəsul! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər belə etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifəsini) yerinə yetirmiş olmazsan.

Yəni, bu ayə dəlildir ki, Allahın bəzi sifətləri həqiqi, bəziləri isə məcazi olsa idi, bunu Rasulullah –sallAllahu aleyhi və səlləm- mütləq bizə xəbər vermiş olardı. Lakin Rasulullah –sallAllahu aleyhi və səlləm- bunu bizə bildirməmişdir. Demək ki, ya Rasulullah əmanətə xəyanət etmişdir ki, hansı ki, bu sözü müsəlman olan kəs söyləməz. Ya da ki, müxaliflər qəbul etməlidir ki, Allahın bütün sifətləri həqiqidir.

Rasulullah –sallAllahu aleyhi və səlləm- Allahu təalənin heç bir sifətinə məcaz deməmişdir, o vaxt ki, “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi?” –ayəsi nazil oldu, heç bir səhabə müxlaiflərin iddia etdiklərini söyləmədi. Onlar Allahın sifətini həqiqi mənada, olduğu kimi, oxşatmadan və keyfiyyətinə varmadan qəbul etmişdirlər.

O vaxt ki, Yunan fəlsəfəsi İslam dininə daxil edildi, insanlar sifət ayələrini öz ağılları ilə yozmağa başladılar. Yəni Quranı öz ağıllarına tabe etdilər. Lakin Əhli-Sünnə vəl Cəməa öz ağıllarını Qurana tabe etməklə bidət əhlindən fərqlənmişdir. Əhli Sünnəyə görə ağıldan öncə Quran və Sünnədir.

Lakin müxaliflər, ağılları qəbul etdiyi sifətləri götürmüş, qəbul edə bilmədiyi sifətləri isə inkar etmişdirlər.
Lakin bilməliyik ki, biz kiminsə ağıl ilə getməyə deyil, Quran və Sünnə ilə getməyə mükəlləf olunmuşuq. Uca Allah buyurur:

وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ

Peyğəmbər –sallAllahu aleyhi və səlləm- sizə nəyi verirsə onu götürün və nəyi sizə qadagan edirsə ondan uzaq durun, Allahdan qorxun, həqiqətən Allah təalanın əzabı şiddətlidir.
Rasulullah –sallAllahu aleyhi və səlləm- buyurur:

وَإِنَّ أُمَّتِي سَتَفْتَرِقُ عَلَى ثِنْتَيْنِ وَسَبْعِينَ فِرْقَةً كُلُّهَا فِي النَّارِ إِلَّا وَاحِدَةً وَهِيَ الْجَمَاعَةُ

Ümmətim 73-firqəyə bölünəcəkdir. Onların birindən başqa, hər biri odda olacaqdır. O bir firqə haqda soruşduqda, Peyğəmbər –sallAllahu aleyhi və səlləm- buyurur: Mənim və mənim səhabələrimin yolunda olanlar.

Bu mövzu çox mühüm bir mövzudur. Və fikir versək, görərik ki, bu mövzuda yalnız Əhli-Sünnə salamat qalmışdır. Uca Allahdan diləyirəm ki, bizi Əhli-Sünnə əqidəsində və mənhəcində ölənə qədər sabit etsin.

Müəllif: Rəşad Hümbətov

Sonda Həmd olsun aləmlərin Rəbbi olan Allaha!

Yüklə – DOC [64 KB] Yüklə – PDF [185 KB]
TƏKFİR FİTNƏSİ - ƏHLİ SÜNNƏTİN TƏKFİR MƏSƏLƏSİNDƏ MÖVQEYİ

Digər faydalı dərslər