• Bazar ertəsi , 26 İyun 2017
Təkfirin əhkamları (1-ci hissə)

Təkfirin əhkamları (1-ci hissə)

KİTAB - Buxari və Muslimin ittifaq etdiyi hədislər

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Bilmək lazımdır ki, təkfir məsələsi çox ağır, mühüm və təhlükəli bir məsələdir. Bütün sələfilər bu mövzuya elmsiz ikən daxil olmağın təhlükəli olduğunu söyləmişdir.

Həmçinin bilmək lazımdır ki, təkfir məsələsi iki böyük əsasın üzərində dayanmışdır.
Şeyxul İsləm İbn Teymiyyə (rahiməhullah) buyurur:
Təkfir məsələsi iki əsasın üzərində dayanmışdır.

Bunlardan birincisi “mütləq hökmdür və bu mütləq hökmə nəzər salmaqdır”. Yəni, müsəlmanı hansı əməlinə görə İslam dinindən çıxardığına nəzər salmaq lazımdır, çünki hər şəriətə müxalif olan əməl ilə insanı təkfir etmək olmaz. Əgər hər hansısa bir müsəlmanın işlətdiyi əməl küfr növündəndirsə, bu zaman deyilir ki: “Bu küfrdür!” və ya əməl asilik növündəndirsə, bu zaman deyilir ki: “Bu asilikdir!” Bu “Mütləq Hökmdür!”

Bu əsas, o deməkdir ki, hər hansısa bir günah və ya asilik ilə müsəlmanı təkfir etmək olmaz. Bu xəvariclərin dinidir. Ona görə də Şeyxul İsləm İbn Teymiyyə (rahiməhullah) buyurur:

فالكافر مَن جعله الله ورسوله كافراً، والفاسق مَن جعله الله ورسوله فاسقاً، كما أنّ المؤمن والمسلم مَن جعله الله ورسوله مؤمناً ومسلماً

– Kafir və ya fasiq o kəsə deyilir ki, onu Allah və Rəsulu (sallAllahu aleyhi və səlləm) kafir və ya fasiq adlandırıb. Həmçinin müsəlman və möminin təyini də Allah və Rəsulunun (sallAllahu aleyhi və səlləm) tərəfindəndir.
Başqa yerdə buyurur:

والكفر هو من الأحكام الشّرعية، وليس كلّ مَن خالف شيئاً علم بنظر العقل يكون كافراً،

Küfr- şəriətin əhkamlarından olduğu üçün hər şəriətə müxalif olan şey küfr sayılmır.

Necə ki, bir kəs öz əqli ilə baxır və küfr söyləyir. Xeyr, bu belə deyildir. Küfr odur ki, Allah və Rəsulu (sallAllahu aleyhi və səlləm) ona küfr desin!

İbn Vəzir (rahiməhullah) buyurur:

إنّ التّكفير سمعي محض لا مدخل للعقل فيه

Təkfir bir başa Quran və Sünnəyə aid olan məsələlərdir və əqlin buna heç bir aidiyyatı yoxdur.

Qeyd etdik ki, təkfirin ilk əsası “mütləq hökmdür!”. Yəni, müsəlmanın bir əməli hər hansısa bir küfr növündən olarsa, deyilir ki, bu küfrdür. Məs: Biri Allahdan qeyrisinə qurban kəsir və ya biri ölüdən kömək istəyir və ya biri Allahdan qeyrisini çağırır- biz deyirik ki, bu küfrdür. Baxın, bu ümumi hökm adlanır.

Əməlin küfr olmasını da yalnız Quran və Sünnə vasitəsi ilə bilmək olar, əgər Quran və Sünnənin küfr olduğuna dəlalət etdiyi bir əməli hər hansısa bir müsəlman işlədərsə, biz, həmin kəsin küfr etdiyini söyləyirik. Buna mütləq hökm deyilir. Yəni biz onun özünü deyil, əməlini küfr sayırıq.

Quran və Sünnənin küfrə dəlalət etdiyi əməllər isə olduqca çoxdur, yəni alimlər bunu kifayət qədər araşdırıb müəyyən etməyə cəhd etmişlər. Alimlərin qoyduğu bu qaydalara əsasən, Əhli-Sünnənin Üsuluna riayət edərək deyə bilərik ki: “Hər hansısa bir əməllə Allahın dininə müxalif olmaq iki yolla baş verir”.

I– Allah və Rəsulunun əmr etdiklərini tərk etmək, yəni əmr olunanları yerinə yetirməmək.
II– Allah və Rəsulunun qadağan etdiklərini etmək.
Birinci növ müxalif olmaq, yəni Allah və Rəsulunun əmrlərindən boyun qaçırmaq, bu üç qismdən kənara çıxmır:
1- Etiqad etməyi tərk etmək
2- Sözü tərk etmək
3- Zahiri əməlləri tərk etmək

1 – Etiqadı tərk etmək odur ki, Allah və Rəsulunun hər hansısa bir əmrinə etiqad etmirsən. Məs: Allaha iman gətirməmək, mələklərə, kitablara, Axirət gününə, ölümdən sonra hesabın olacağına iman gətirməmək, həmçinin içkinin haram olduğuna etiqad etməmək, namazın vacib olduğuna etiqad etməmək və s. Bu kimi əmrlərə etiqad etməmək və qadağanların haram olduğuna etiqad etməmək, Quran, Sünnə və alimlərin icmasına görə küfrdür.

İbn Temiyyə “Məcmuul Fətava”sında buyurur:

وَمَنْ جَحَدَ وُجُوبَ بَعْضِ الْوَاجِبَاتِ الظَّاهِرَةِ الْمُتَوَاتِرَةِ : كَالصَّلَوَاتِ الْخَمْسِ وَصِيَامِ شَهْرِ رَمَضَانَ وَحَجِّ الْبَيْتِ الْعَتِيقِ أَوْ جَحْدِ تَحْرِيمِ بَعْضِ الْمُحَرَّمَاتِ الظَّاهِرَةِ الْمُتَوَاتِرَةِ فَهُوَ كَافِرٌ مُرْتَدٌّ

Kim mütəvatir və zahir olan vacibləri inkar edərsə, məs: beş vaxt namazı, ramazan ayının orucunu, həcci və ya haram olan şeyləri inkar edərsə, yəni onun haramlığına etiqad etməzsə, məs: zinanın haram olmağına, içkinin haram olmağına, ribanın haram olmağına etiqad etməzsə o kafirdir.

2 – Sözü tərk etməyin iki halı vardır:
I– küfr olan hal
II– küfr olmayan hal.

Birinci hal şəhadət kəlməsini tələffüz etməməkdir. Yəni, bir kəs qüdrəti olduğu halda bu kəlməni söylməyi tərk edərsə, kafirdir. Bu icmadır. Hətta, şəhadət kəlməsinin doğruluğuna etiqad etsə belə kafirdir.

Şeyxul İSLƏM İbn Teymiyyə (rahiməhullah) “əl-İmənun Əusat” kitabında buyurur:

فَأَمَّا ” الشَّهَادَتَانِ ” إذَا لَمْ يَتَكَلَّمْ بِهِمَا مَعَ الْقُدْرَةِ فَهُوَ كَافِرٌ بِاتِّفَاقِ الْمُسْلِمِينَ

Şəhadət kəlməsinə gəlincə isə, müsəlmanların ittifaqına görə şəhadət kəlməsini qüdrəti olduğu halda tərk edən kafirdir.

Yenə həmin kitabında buyurur:

أَنَّ مَنْ آمَنَ قَلْبُهُ إيمَانًا جَازِمًا امْتَنَعَ أَنْ لَا يَتَكَلَّمَ بِالشَّهَادَتَيْنِ مَعَ الْقُدْرَةِ فَعَدَمُ الشَّهَادَتَيْنِ مَعَ الْقُدْرَةِ مُسْتَلْزَمٌ انْتِفَاءَ الْإِيمَانِ الْقَلْبِيِّ التَّامِّ

Kim qəlbi ilə qəti olaraq iman gətirərsə, lakin qüdrəti olduğu halda şəhadət kəlməsini tələffüz etməzsə, bununla aydın olur ki, onun qəlbində ümumən iman deyə bir şey yoxdur.

İkinci hal, yəni sözü tərk etməyin küfr olmayan halında isə insan kafir olmur, əksinə asi sayılır. Məs: salamı qaytarmaq, yaxşılığı əmr edib, pisliklərdən çəkindirmək, bilməyək adamı öyrətmək, zəlalətdə olana haqqı göstərmək, doğru danışmaq və s. bu kimi şeyləri tərk edən, Əhli-Sünnənin icmasına görə kafir sayılmır.

3 – Zahiri əməlləri tərk etmək də özlüyündə, hökm baxımından iki qismə bölünür.
I– Həmin zahiri əməllərdir ki, onları tərk edənin təkfir olunmasında əhli-sünnə alimləri ixtilaf etmişdir. Məs: Namaz, oruc, zəkat və həcc. Yəni, Əhli-Sünnə alimləri bir müsəlmanda bu zahiri əməllərin olmadığı halda, onun təkfir edilməsində ixtilaf etmişdir.
İbn Teymiyyə (rahiməhullah) “əl-İmənun Əusat” kitabında buyurur:

وَلِهَذَا تَنَازَعَ الْعُلَمَاءُ فِي تَكْفِيرِ مَنْ يَتْرُكُ شَيْئًا مِنْ هَذِهِ ” الْفَرَائِضِ الْأَرْبَعِ ” بَعْدَ الْإِقْرَارِ بِوُجُوبِهَا

Alimlər bu dörd fərz olan şeyin, yəni namazın, orucun, zəkatın və həccin vacibliyini iqrar etdikdən sonra tərk edənin hökmü barəsində ixtilaf etmişdirlər!

Həmçinin İbn Racəb (rahiməhullah) (بني الإسلام على خمس) “İslam beş şey üzərində bina olunmuşdur” hədisinin şərhində bu məslədə ixtilafın olduğunu qeyd etmişdir.
Bu ixtilaf haqda İbn Teymiyyə və İbn Rəcəb, imam Əhməddən beş rəvayət nəql etmişlər.
Birinci görüş- Bu dörd rükundan hər hansısa birini tərk edən kafirdir, hətta həcci də. Bu görüşü Əbu Bəkr əl-Xalləl racih saymışdır.
İkinci görüş- Bunlardan hər hansısa birini tərk edən kafir deyildir.

İbn Teymiyyə buyurur:

وهذا هو المشهور عند كثير من الفقهاء

Bu fəqihlərin əksəriyyətinin məşhur görüşüdür.

Burada İbn Teymiyyə (rahiməhullah) Fəqihlər dedikdə, Murciə fəqihlərini deyil, Əhli-Sünnənin fəqihlərini qəsd edir. Həmçinin bu görüşü, Əbu Hənifə, Şafii, Məlik və Əhməd bir görüşündə qeyd etmişdir. Həmçinin İbn Batta İmam Əhmədin bu görüşünü racih hesab etmişdir.

Üçüncü görüş- Bunlardan yalnız namazı tərk edən kafirdir. Yəni, orucu, zəkatı, həcci tərk edən kafir deyil. Bu rəyi isə əksər sələfilər və dörd məzhəb alimləri üstün görmüşdür.
Dördüncü görüş- yalnız namaz ilə zəkatı tərk edən kafir sayılır.

Beşinci görüş- namazı, zəkatı, əgər ona müqavimət göstərərsə, yəni ona qarşı vuruşarsa kafir sayılır.
Bu beş rəyin hər biri sələflərin görüşü olmuşdur və hər birini İbn Teymiyyə İmam Əhməddən rəvayət etmişdir. Bu ixtilaf ona dəlalət edir ki, kimsə bu rəylərdən birini götürərsə, əhli-sünnənin rəyini götürmüş sayılır, onu bidət əhlinə nisbət etmək xətadır. Həmçinin, bu ixtilaf ona dəlalət edir ki, namazı tərk edənin təkfir olunmasında əhli-sünnənin icma etdiyini söyləyənlər böyük xəta edirlər. Eləcə də, bu ixtilaf ona dəlalət edir ki, namaz qılmayanın təkfir olunmamasında əhli-sünnənin icma etdiyini söyləyənlər də böyük xəta edirlər. Düzgün görüş isə budur: “Əhli-Sünnə namazı tərk edənin hökmündə ixtilaf etmişdir”.

Həmçinin qeyd edim ki, namazı tərk edənin təkfir olunmasında səhabələrin icma etdiyini söyləyənlər də, xəta etmişdir. Çünki, məlumdur ki, səhabələrdən sonra böyük alimlər namaz qılmayanı kafir saymamışdır. Məs, İmam Məlik, İmam Şəfii, İmam Əbu Hənifə, İmam Əhməd bir rəyində namaz qılmayanın böyük günah sahibi olduğunu söyləmişdir. Əgər səhabələr həqiqətən də, bu barədə icma etsəydilər, heç bir alim onlardan sonra bu icmadan çıxmağa cürət etməzdir. Bu da dəlalət edir ki, bu məsələ səhabə dönəmində icma olmamışdır.

Bəzi müxaliflər iddia edir ki, kim şəhadət kəlməsini söyləyərsə, lakin heç bir əməl etməzsə, artıq bununla kafir olar.
Bu şübhəyə cavab olaraq deyirəm ki, bütün alimlər ittifaq etmişdir ki, “Lə iləhə illəllah” kəliməsini söyləyən İslam dininə daxil olur. Lakin müxaliflər elə anlayıblar ki, kim bu kəliməni deyərsə, fəqət heç bir əməl etməzsə, bununla kafir olar, yəni bu kəlimə ona heç bir fayda verməz.

Bu məsələni iki yolla izah edirəm:
I– Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) hədisləri dəlalət edir ki, kim bu kəliməni söyləyərsə və bundan sonra heç bir əməl etməsə belə, o kəs müsəlman sayılır. Çünki, o insanda imanın əsli qalır və bununla da əzab çəksə belə, son gediş yeri Cənnət olacaqdır.
Buxaridə keçən hədisdə Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurur:

مَا مِنْ عَبْدٍ قَالَ لَا إِلَهَ إِلَّا اللَّهُ ثُمَّ مَاتَ عَلَى ذَلِكَ إِلَّا دَخَلَ الْجَنَّةَ قُلْتُ وَإِنْ زَنَى وَإِنْ سَرَقَ قَالَ وَإِنْ زَنَى وَإِنْ سَرَقَ

Elə bir kəs yoxdur ki, “Lə iləhə illəllah” deyib, bu kəlimə üzərində ölsün və Cənnətə daxil olmasın!

İmam Əhməd, Musnəddə (16049) bu hədisi gətirir:
Səhabələr münafiqlər haqqında söhbət edərkən, bu söhbət Məlik bin Dəxşəm və ya Duxşum adlı bir münafiqə gəlib çatır.

Rasulullah (sallAllahu aleyhi və səlləm) səhabələrin bu kəs haqda söylədiklərini dinlədikdən sonra buyurur:

أَلَيْسَ يَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ

Məgər o Allahın tək ilah olduğuna şəhadət gətirmirmi?

Səhabələr dedi:

إِنَّهُ يَقُولُ ذَلِكَ

O bunu deyir.

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur:

والذي بعثني بالحق لئن قالها صادقا من قلبه لا تأكله النار أبدا قالوا فما فرحوا بشيء قط كفرحهم بما قال

Məni haqq üzərinə göndərənə and olsun ki, əgər bu kəliməni sadiq qəlblə deyərsə, heç vaxt ona od toxunmaz.

Səhabələr buna sevinən kimi, heç nəyə sevinməmişdilər.

Buxarinin gətirdiyi ləfzdə isə Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurur:

فإن اللَّهِ قد حرم على النار من قال : لا إله إلا اللَّهِ ؛ يبتغي بها وجه اللَّهِ

Allahı istəyərək, yəni yalnız onun savabını umaraq, İxlas ilə “Lə iləhə illəllah”- deyən kəsə Allahu təalə Cəhənnəmi haram etmişdir!

Başqa bir səhih hədisdə Ənəs (radıyAllahu anhu) deyir ki, bir yəhudi uşaq Peygəmbərə (sallAllahu aleyhi və səlləm) xidmət edirdi və bir gün xəstələnir. Peygəmbər (sallAllahu aleyhi və səlləm) onu ziyarət edir və gəlib baş tərəfində oturaraq uşağa deyir:

أَسْلِمْ

Təslim ol!

Uşaq atasında baxdıqda, atası deyir: “İtaət et!” və uşaq təslim olur. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) çölə çıxaraq buyurur:

الْحَمْدُ لِلَّهِ الَّذِي أَنْقَذَهُ مِنْ النَّارِ

Onu oddan qoruyan Allaha həmd olsun!

Başqa hədisə Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur:

وَشَفَاعَتِي لِمَنْ شَهِدَ أَنْ لا إِلَهَ إِلا اللَّهُ مُخْلِصًا يُصَدِّقُ قَلْبُهُ لِسَانَهُ وَلِسَانُهُ قَلْبَهُ

Mənim şəfaətim o kəslərdir ki, onlar şəhadət kəlməsini ixlasla deyirlər, qəlbləri dillərini, dilləri də qəlblərini təsdiqləyir. (İmam Əhməd-8009, İbn Hibban-6466, Həkim-1/70, əz-Zəhəbi səhihləşdirib.)

Muslimdə keçən hədisdə Peyğəmbər (sallAllahu aleyhi və səlləm) Əbu Hureyraya (radıyAllahu anhu) buyurur:
Get qəlbi ilə yəqin inanaraq “Lə iləhə illəllah” deyən kəsləri Cənnət ilə müjdələ!
Ömər (radıyAllahu anhu) buyurur:
Yə Rasulullah! أخشى أن يتكل الناس عليها فخلهم يعملونQorxuram ki, insanlar buna arxayınlaşıb, əməlləri tərk etsinlər.

İmam Əhməd Musnədində bu hədisi rəvayət edir:
Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurdu:

قُولُوا : لاَ إِلَهَ إِلاَّ اللَّهُ تُفْلِحُوا

Lə iləhə illəllah deyin və nicat tapın.

Buxaridə keçən hədisdə Rasulullah (sallAllahu aleyhi və səlləm) əmisinə buyurur:

يَا عَمِّ قُلْ لَا إِلَهَ إِلَّا اللَّهُ كَلِمَةً أَشْهَدُ لَكَ بِهَا عِنْدَ اللَّهِ

Ey əmi, De: Lə iləhə illəllah! Bu kəlimə ilə Allah yanında sənə şahid durum.

Başqa bir səhih hədisdə Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurur:

أمرت أن أقاتل الناس حتى يقولوا لا إله إلا الله

Mənə əmr olundu ki, insanlar Lə iləhə illəllah deyənə qədər onlarla vuruşum.

Bu zikr etdiyimiz hədislər dəlalət edir ki, Rasulullah (sallAllahu aleyhi və səlləm) qurtuluşu, nicat tapmağı “Lə iləhə illəllah” kəlməsinə bağlayıb. Əgər bu kəlməni dedikdən sonra, heç bir əməl etməyənə bu kəlimə fayda verməsə idi, Rasulullah (sallAllahu aleyhi və səlləm) mütləq onu bildirərdi. Yəni, kim “Lə iləhə illəllah” söyləmək kifayət deyildir- söyləyirsə, Peyğəmbərə (sallAllahu aleyhi və səlləm) qarşı həddi aşmışdır. Axı Rasulullah (sallAllahu aleyhi və səlləm) açıq-aşkar buyurur:

قُولُوا : لاَ إِلَهَ إِلاَّ اللَّهُ تُفْلِحُوا

Lə iləhə illəllah deyin və nicat tapın.

Və yaxud:

أمرت أن أقاتل الناس حتى يقولوا لا إله إلا الله

Mənə əmr olundu ki, insanlar Lə iləhə illəllah deyənə qədər onlarla vuruşum.

Diqqət edin! Peyğəmbər (sallAllahu aleyhi və səlləm) “Əməl edənə qədər vuruşum!” söyləmədi, “bu kəlməni söyləyənə kimi vuruşum” söylədi.

Eləcə də bu hədis:
Peyğəmbər (sallAllahu aleyhi və səlləm) Əbu Hureyraya (radıyAllahu anhu) buyurur:
Get qəlbi ilə yəqin inanaraq “Lə iləhə illəllah” deyən kəsləri Cənnət ilə müjdələ!
Ömər (radıyAllahu anhu) buyurur:
Yə Rasulullah! أخشى أن يتكل الناس عليها فخلهم يعملون – Qorxuram ki, insanlar buna arxayınlaşıb, əməlləri tərk etsinlər.
Yəni, Ömər bilirdi ki, hədisin zahiri mənası götürülür, əgər bura əməllər də daxil olsa idi, o zaman Ömər nədən ehtiyatlanırdı?

Həmçinin müxaliflər iddia edir ki, əməl “lə iləhə illəllah” kəliməsinin daxilindədir və ya bu kəlimə əməl edilməsinə vadar edir.
Şübhə yoxdur ki, bunlar xətadır. Çünki əməl başqa növdən, söz də başqa növdəndir. Bunların cinsi başqadır. Yəni heç bir hədisdə varid olmayıb ki, Rasulullah (sallAllahu aleyhi və səlləm) söyləsin ki, Lə iləhə illəllah kəliməsini deyib, əməl edən. Bu cür hədis varid olmamışdır.

Bu haqda alimlərimizin sözləri mövcuddur. Bu sözlərə görə kim cəsarət edirsə, əhli-sünnənin bu böyük alimlərini murciəlikdə ittiham etsinlər:

1- Şeyxul İsləm İbn Teymiyyə
İbn Məndəhin “İman” kitabında və Xalləlin “Sünnə”sində varid olmuşdur ki, böyük tabiinlərdən olan imam Zuhri (rahiməhullah) buyurur:

الْإِسْلَامُ الْكَلِمَةُ

İslam kəlimədir!

Şeyxul İsləm İbn Teymiyyə “Məcmuul Fətava”da imam Zuhrinin bu sözünü izah edərək demişdir:

وَقَدْ خَتَمَ اللَّهُ الرُّسُلَ بِمُحَمَّدِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَلَا يَكُونُ مُسْلِمًا إلَّا مَنْ شَهِدَ أَنْ لَا إلَهَ إلَّا اللَّهُ وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ

Artıq Allahu təalə Rəsulların sonuncusunu Muhəmməd ilə (sallAllahu aleyhi və səlləm) xətm etmişdir. Və müsəlman olmaq üçün yalnız şəhadəti söyləməlisən.

Sonra isə buyurur:

وَهَذِهِ الْكَلِمَةُ بِهَا يَدْخُلُ الْإِنْسَانُ فِي الْإِسْلَامِ

Bu şəhadət kəlməsi ilə insan İslam dininə daxil olur.

Sonra isə buyurur:

فَمَنْ قَالَ : الْإِسْلَامُ الْكَلِمَةُ وَأَرَادَ هَذَا فَقَدَ صَدَقَ

Kim “İslam Kəlimədir” söyləsə və bunu qəsd edərsə artıq düzgün demişdir.

İbn Teymiyyə İmam Zuhrinin söylədiyi sözün doğruluğunu təsdiqlədi, yəni bildirdi ki, şəhadəti tələffüz etmək ilə insan İslam dininə daxil olur.
Sonra isə buyurur:

ثُمَّ لَا بُدَّ مِنْ الْتِزَامِ مَا أَمَرَ بِهِ الرَّسُولُ مِنْ الْأَعْمَالِ الظَّاهِرَةِ كَالْمَبَانِي الْخَمْسِ وَمَنْ تَرَكَ مِنْ ذَلِكَ شَيْئًا نَقَصَ إسْلَامُهُ

Bundan sonra (yəni, şəhadəti gətirdikdən sonra) insan Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) əmrlərini, zahiri əməllər ilə yerinə yetirməlidir. Məs: Namaz kimi, oruc kimi, zəkat kimi, həcc kimi. Əgər bunlardan hansısa birini tərk edərsə artıq İslamı naqisləşdirmişdir.
Bu sözlərin müəllifi İbn Teymiyyədir. Məgər o murciədirmi?

2- İbn AbdulBərr
İbn AbdulBərr “Təmhid” kitabında beş namazın fərz olunması hədisinə dair bunları söyləyir:

وفيه دليل على أن من لم يصل من المسلمين في مشيئة الله، إذا كان موحداً مؤمناً بما جاء به محمد صلى الله عليه وسلم مقراً، وإن لم يعمل

Hədis dəlildir ki, kim namaz qılmırsa və muvahhiddirsə, həmçinin Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) gətirdiyinə iqrar edərək, iman gətiribsə Qiyamət günü Allahu təalənin istəyi altındadır, əməl etməsə belə…

Diqqət edin! İbn AbdulBərr söylədi ki, “Əməl Etməsə belə…” .
Məgər İbn AbdulBərr murciədirmi?

Həmçinin İbn AbdulBərr (rahiməhullah) “Hidəyətul Mustəfid min KitəbitTəmhid”-ində cariyənin hədisinin şərhində buyurur:

وفي هذا الحديث دليل على أن من شهد أن لا إله إلا الله وأن محمدا رسول الله فهو مؤمن إذا كان قلبه مصدقا لما ينطق به لسانه.

Bu hədis dəlildir ki, şəhadəti tələffüz edərsə, əgər dili dediyini qəlbi təsdiqləyərsə o mömindir.

3- İbn Rəcəb
İbn Rəcəb (rahiməhullah) “Ət-Təxfiv minən-Nar” kitabında şəfaət hədisi ilə bağlı buyurur:

Hədisdə keçir ki, Allah təala öz rəhməti ilə elə bir insanları cəhənnəmdən çıxardacaq ki, onlar heç bir xeyir əməl işlətməmişdirlər. Burada xeyir əməl deyildikdə- ZAHİRİ ƏMƏLLƏR QƏSD EDİLİR.
Yəni ibn Rəcəb də zahiri əməllərin olmadığı halda insanın şəhadəti ilə onu müsəlman hesab edir.

4- İbn Əbil İzz
İbn Əbil İzz (rahiməhullah) Təhaviyəni şərh edərkən buyurur:

وقد أجمعوا على أنه لو صدق بقلبه وأقر بلسانه ، وامتنع عن العمل بجوارحه : أنه عاص لله ورسوله

Artıq Əhli sünnə icma edib ki, insan qəlbi ilə təsdiqləyərsə və dili ilə iqrar edərsə və zahiri əməllərdən imtina edərsə o Allah və Rəsuluna asi olmuşdur.

Burada bir mühüm məsələni də qeyd edim. Bəzi kəslər elə anlayırlar ki, biz deyirik ki, “Lə iləhə İlləllah kəliməsini söylə və heç bir əməl etmə, Cənnətə düşəcəksən!”

Xeyr, bu belə deyildir! Bu batildir və murciənin əqidəsidir.
Biz deyirik ki, insan Lə iləhə illəllah kəliməsi ilə İslam dininə daxil olur, yəni o insanda imanın əsli hasil olur. Əgər əməl etməyəcəksə günahkar olacaqdır və Allahu təaləyə asilik edəcəkdir. Sadəcə incəlik budur ki, insan şəhadət kəlməsini söylədikdən sonra əməl etməsə İslam dinindən çıxmır. Yəni bir kəsdə imanın əsli getməsi üçün o mütləq küfr və ya şirk etməlidir.

Əhli-Sünnənin əqidəsinə görə insan günah etməklə İslam dinindən çıxmır. Şəhadət kəlməsini söylədikdən sonra əməl etməzsə o insan günah etmişdir –deyə İslam dinindən çıxmır. Çünki ondan imanın əsli getməmişdir və bu cür yaşayarsa günahkar sayılır, imanın əsli onda qaldığı üçün günahlara görə əzab çəksə belə son mənzili Cənnət olacaqdır.

Yəni bu mövzudan danışmağımızın əsas qayəsi, müxaliflərin “Əməli olmayan kafirdir!” iddiasını puça çıxarmaqdır.
Həmçinin, əgər bir insan şəhadət kəlməsini söyləyibsə, artıq onun əməllərini bir-bir axtarmağa ehtiyac yoxdur. Biz bu kəlimədən sonra həmin kəsdə əməl axtarmırıq, biz dərhal onun namaz qılıb-qılmadığına baxırıq. Çünki Lə iləhə illəllah- kəliməsindən sonra İslam dinin ikinci rükunu namazdır.

Əgər bir kəsə görə namaz qılmayan kafirdirsə, o zaman həmin adamın kiminsə əməllərini axtarmağa gərəyi yoxdur. Yəni, o insanda nə əməl axtaracaq ki, və ya əməl axtarmağın nə mənası var ki, o ən böyük əməl olan namazı qılmayanı müsəlman görür. Yəni, ona görə ən böyük əməl olan –namazı təkr edən kafir deyilsə, o zaman hansı əməli tərk etməklə kafir olacaq? Elə isə, namazdan başqa hər hansısa bir əməl axtarmağın heç bir mənası yoxdur.

Və ya əksi, əgər o kəs namaz qılmayanı kafir sayandırsa, bir kəs şəhadət kəliməsini söylədikdən sonra, həmin kəsdə əməl axtarmamalıdır. Həmin kəs onun namazına baxacaq. Namazı varsa müsəlman, yoxdursa kafirdir. Hətta “Lə iləhə illəllah” kəliməsini söyləsə belə…

Yəni, bir daha qeyd edirəm ki, əməl axtarmaq əbəsdir. Əgər bir nəfər oruc tutur, zəkat verir, həcc edir və digər əməlləri etsə, fəqət namaz qılmazsa o kəs artıq “namaz qılmayanı kafir sayan bir kəs” üçün kafirdir.

Zahiri əməlləri tərk etməyin ikinci qismi odur ki, alimlər icma edib ki, onların tərk olunması ilə insan kafir olmur. Məs: Namaz, oruc, zəkat və həccdən başqa olan, yəni İslamın bu dörd rükunundan başqa olan digər zahiri əməllər buraya daxildir. Bir kəs bu zahiri əməllərin vacibliyinə etiqad edib, onu təkr edərsə bununla İslam dinindən çıxmır. Bu Əhli-Sünnənin ittifaq etdiyi məsələdir.

Biz söylədik ki, hər hansısa bir əməllə Allahın dininə müxalif olmağın ikinci yolu Allah və Rəsulunun qadağan etdiklərini etməkdir. Bu da özlüyündə iki qismə bölünür:

1- İslamdan çıxaran küfr
2- İslamdan çıxarmayan küfr

Birinciyə misal olaraq, bu o əməllərdir ki, onu etməklə Allah və Rəsuluna olan imanın əslini pozur. Bu isə həm qəlb ilə, həm dil ilə, həm də zahiri əməllər ilə əlaqəlidir.

Etiqadla bağlı olanlar, məs: Allahın Rububiyyət və ya Uluhiyyət və ya Əsmai Sifətdə şəriki olduğuna insanın etiqad etməsi. Yaxud Allahın oğlu olduğuna və ya Allahın mürgülədiyinə və s. bu kimi etiqad etmək, insanda olan imanın əslini pozur.
Sözlə bağlı olanlar, məs: Allahın Rububiyyətini, Uluhiyyətini, ad və sifətlərini inkar edən sözləri işlətmək, həmçinin Allahı söymək, onun Rəsulunu söymək, onun dinini söymək və ya İslam dini ilə istehza etmək və s. bu kimi şeylər…

Zahiri əməllər ilə bağlı olanlar, məs: Bütə səcdə etmək, günəşə səcdə etmək, Allahın Kitabını zibilə atmaq, yaxud onu təhrif etmək, həmçinin Peyğəmbərləri öldürmək və s. bu kimi şeylər, hansı ki, bunun İslamdan çıxaran küfr olmasına heç bir şəkk yoxdur.

İkinci qism isə İslamdan çıxarmayan küfrdür. Buna da misal olaraq, asiliklər, günahları çəkmək olar. Məs: Zina etmək, içki içmək, oğurluq etmək, riba yemək və s. bu kimi şeylər insanı İslam dinindən xaric etmir. Bu əhli-sünnənin ittifaqında olan məsələdir.
Necə ki, İbn Teymiyyə (rahiməhullah) buyurur:

فَكَمَا أَنَّ مِنْ أُصُولِ أَهْلِ السُّنَّةِ وَالْجَمَاعَةِ أَنَّهُمْ لَا يُكَفِّرُونَ أَحَدًا بِذَنْبِ فَكَذَلِكَ لَا يُكَفِّرُونَ أَحَدًا بِبِدْعَةِ

Əhli-Sünnə məzhəbinin üsulundandır ki, onlar heç kəsi etdiyi bir günaha görə təkfir etmirlər, həmçinin Əhli-Sünnə hansısa bir bidətlə heç kimi təkfir etmir.

Həmçinin Əhli-Sünnə ittifaq edib ki, əgər insan bu günahların haramlığına etiqad edərsə və sonradan onları edərsə bununla İslamdan çıxmır. Bu barədə alimlərin kifayət qədər sözləri mövcuddur:

Əbu Ubeyd (rahiməhullah) buyurur:

وإنّ الذي عندنا في هذا الباب كلّه، أنّ المعاصي والذّنوب لا تزيل إيماناً ولا توجب كفراً،

Bizim əqidəmizə görə belədir ki, günahlar və asiliklər imanın əslini aparmır və küfrü də vacib etmir.

İbn Bətta (rahiməhullah) buyurur:

وقد أجمعت العلماء لا خلاف بينهم أنّه لا يكفّر أحد من أهل القبلة بذنبٍ، ولا نخرجه من الإسلام بمعصيةٍ،

Artıq alimlər icma etmişdir ki, qiblə əhlindən hər hansısa bir günaha görə heç kəs təkfir olunmur. Həmçinin onlar asiliyə görə heç bir müsəlmanı İslamdan çıxarmır.

İndi isə, yuxarıda sadaladıqlarımızı sxematik şəkildə bir daha xatırlayaq:

“Hər hansısa bir əməllə Allahın dininə müxalif olmaq iki yolla baş verir”:
I– Allah və Rəsulunun əmr etdiklərini tərk etmək, yəni əmr olunanları yerinə yetirməmək. Bu özlüyündə də üç qismə bölünür:
1- Etiqad etməyi tərk etmək
2- Sözü tərk etmək. Bunun da iki halı mövcuddur:
I– küfr olan hal
II– küfr olmayan hal.

3- Zahiri əməlləri tərk etmək. Bu da hökm baxımından iki qismə bölünür.
I– O əməllər ki, onu tərk edənin hökmü ixtilaflıdır.
II– O əməllər ki, alimlər icma edib ki, onların tərk olunması ilə insan kafir olmur.

II– Allah və Rəsulunun qadağan etdiklərini etmək. Bu da özlüyündə iki qismə bölünür:
1– İslamdan çıxaran küfr
2– İslamdan çıxarmayan küfr

Ardı var…

Müəllif: Rəşad Hümbətov

Sonda Həmd olsun aləmlərin Rəbbi olan Allaha!

Yüklə – DOC [115 KB] Yüklə – PDF [276 KB]
TƏKFİR FİTNƏSİ - ƏHLİ SÜNNƏTİN TƏKFİR MƏSƏLƏSİNDƏ MÖVQEYİ

Digər faydalı dərslər