• Çərşənbə axşamı , 17 Oktyabr 2017
“Tənbəllikdən namazı tərk edən icma ilə kafirdir” ifadəsinin batil olması

“Tənbəllikdən namazı tərk edən icma ilə kafirdir” ifadəsinin batil olması

KİTAB - Buxari və Muslimin ittifaq etdiyi hədislər

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Şeyxul İslam İbn Teymiyyə buyurur: “Artıq Müsəlmanlar ittifaq ediblər ki, hər kim Şəhadət kəliməsi ilə gəlməzsə (yəni dili ilə səbəbsiz tələffüz etməzsə). O insan kafirdir. O ki qaldı islamın şəhadətdən sonra olan dörd (namaz, zəkat, oruc, həcc) rükununa, bu barədə yəni, bunların (namaz, zəkat, oruc, həcc) tərki barəsində müsəlmanlar ixtilaf etmişdirlər. Biz dedikdə ki, “əhli sünnə ittifaq edib ki, müsəlman işlətdiyi günaha görə təkfir edilmir, biz bu sözlə günahları nəzərdə tuturuq. Məs: Zina kimi, şərab kimi və s. Amma islamın dörd rükunu, bunların tərkinin hökmü barəsində məşhur* ixtilaf vardır. İmam Əhməddən bu görüşlər vardır: Bir görüşdə bildirir ki, bu dörd rükundan hər hansı birini tərk edən təkfir olunur. İmam Əhmədin bu görüşünü Əbubəkr və Malikilərdən bir neçəsi, məsələn, İbn Həbib kimi üstün görmüşdür. İkinci görüşdə bildirir ki, dörd rükundan yalnız namazı və zəkatı tərk edən təkfir olunur. Üçüncü görüşündə isə bildirir ki, namazı və zəkatı tərk edən təkfir olunur əgər imam onun üzərinə vuruşarsa. Dördüncü görüşündə isə bildirir ki, bu dörd rükundan yalnız namazı tərk edən təkfir olunur. Beşinci rəyində isə bildirir ki, bu dörd rükunun tərkinə görə İnsan təkfir olunmur. Yəni əgər insan namaz qılmasa, zəkat verməsə, oruc tutmasa və həcc etməsə, o insan müsəlman sayılır.” Sonra İbn teymiyyə bu sözlərin sonunda buyurur ki, “Bu sözlər sələfilərdə məruf idi.” (Fətava- 7/302).

Deməli bununla kimlər ki icma nəql edir, onların icması batil olur. Xatırladım ki, bu barədə icma nəql edənlər, Abdullah İbn Şaqiq adlı bir tabinin sözünə əsaslanmışlar. Şaqiq belə deyir: “Səhabələr əməllərin içərsində yalnız namazın tərkini küfr sayardılar.”

Bu əsər isə bir neçə tərəfdən ziddiyatlıdır:

1– Əgər bu icma səhih olsa idi, nə gərək var idi ki səhabələrdən sonra gələn alimlər bu icmadan çıxsınlar? Bir halda ki məlum olan məsələdir ki, səhabələrin icması hüccətdir.

2– Şaqiq adlı tabiin, hansı ki, bu əsəri səhabələrdən rəvayət edib, bu tabiin çox az səhabə görmüşdür, odur ki, onun gətirdiyi bu kəlimə icmaya dəlalət edə bilməz.

3– Bu rəvayət zəif rəvayətdir, yəni bu ləfznən gələn rəvayət zəifdir. Səhih rəvayət budur ki, Şaqiq (rahiməhullah) buyurur ki: كنا نرى) ) Biz belə görərdik, yəni tabiinlər.

4– Məlumdur ki, bəzi səhabələr namazdan başqa əməllərin də tərkini küfr görərdilər, məs: Ömər İbn Xəttab. Bu da onu göstərir ki, Abdullah İbn Şaqiqin əsəri zəifdir, çünki əsərdə tək namaz qeyd olunub. 5– Heç bir maneə yoxdur ki, həmin bu Abdullah İbn Şaqiqin əsərində gələn Küfr sözü kiçik küfr olmasın. Yəni, əsərdə gələn küfr sözü İslamdan çıxartmayan küfrdür. Yəni, Abdulllah İbn Şaqiq deyəndə ki, “Səhabələr əməllərin içərsində yalnız namazın tərkini küfr sayardılar.”

Burada qəsd olunan küfr İslamdan çıxardan küfr deyil və bu yuxarıda qeyd etdiklərimizdən daha yaxındır. Çünki alimlər Peyğəmbərin (sallallahu aleyhi və səlləm) “Müsəlmanı söymək fasiqlik, öldürmək isə küfrdür” bu sözünü kiçik küfrə aid ediblər, deməli bu əsərdə keçən küfr sözü də layiqdir ki, elə burada da küfr sözü İslamdan çıxartmayan küfrdür.

Yəni, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sözü kiçik küfrə ihməl olunursa, bu niyə olunmasın ki? Deməli əgər iş bu yerdədirsə, kim ki namaz qılmayanı müsəlman görəni murciyə sayırsa və ya deyirsə ki, murciyələrə müvafiq olub və ya fuqaha murciyələrdən təsirlənib, o insan böyük xəta edir. Həmçinin eyni anda, namaz qılmayanı təkfir edən alimlərə xəvaric demək və ya xəvaric məzhəbindən təsirlənənlər kimi qələmə vermək böyük xətadır.

Odur ki, hər iki rəyə ehtiram etmək lazımdır. Yəni, bu qardaşlar arasında düşmənçiliyə gətirib çıxartmamalıdır, necə ki alimlər arasında gətirib çıxartmamışdır. Məs: İbn Baz, İbn Useymin və Şeyx Albani. Allah hamısına rəhmət etsin və bizi dində sabit etsin.

*– Sübhənallah, Şeyxul İslam İbn teymiyyə açıq aydın kəlimə işlədir ki, bu məsələdə müsəlmanlar ixtilaf etmişdir, lakin buna baxmayaraq bəzi insanlar yenədə öz fikirlərində qalıb deyirlər ki, bu məsələ icmadır. Bu artıq o deməkdir ki, O insanlar məsələyə elm tərəfdən deyil, nəfsi istək tərəfdən yaxınlaşıblar.

Hazırladı: Rəşad Hümbətov

Sonda Həmd olsun aləmlərin Rəbbi olan Allaha!

Yüklə – DOC [48 KB] Yüklə – PDF [162 KB]
TƏKFİR FİTNƏSİ - ƏHLİ SÜNNƏTİN TƏKFİR MƏSƏLƏSİNDƏ MÖVQEYİ

Digər faydalı dərslər