• Bazar ertəsi , 26 İyun 2017
Zahiri əməllərin tərki və onun imana təsiri

Zahiri əməllərin tərki və onun imana təsiri

KİTAB - Buxari və Muslimin ittifaq etdiyi hədislər

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Bəzi kəslər elmsizlikləri ucbatından bu mövzuda xəta edərək, keçmiş və müasir alimləri murciəlikdə ittiham etmişdilər. Bəziləri isə iddia edir ki, zahiri əməl olmadıqda, insan kafir olur və bu icmadır.
Çox zaman sual edilir: Zahiri əməllər imanın kamilliyi üçünmü şərtdir, yoxsa sıhhəti üçün?

Cavab: Əksər alimlər zahiri əməllərin imanın kamilliyi üçün olduğunu söyləmişlər. Bir neçə müasir alim isə zahiri əməllərin imanın sıhhəti üçün şərt olduğunu söyləyirlər. Lakin ikinci qism alimlər, yəni zahiri əməllərin imanın sıhhəti üçün şərt olduğunu söyləyənlər Quran və Sünnədə, eləcə də alimlərdən heç bir dəlil gətirməmişlər. Qeyd etdik ki, bunu söyləyən bir neçə müasir alimdir, onlar ictihad əhlidir və inşəAllah, ictihadlarına görə savab əldə edirlər.

Lakin keçmiş alimlər, eləcə də Quran və Sünnə dəlalət edir ki, zahiri əməllər imanın kamilliyi üçündür. İcma məhz budur.

Necə ki, cahilliyin üzr olması məsələsi kimi. Heç bir keçmiş alim, cahilliyin üzr olmamasını söyləməmişdir. Onların hər biri hətta tövhid məsələlərində belə, cahilliyi üzr görmüşdür. Lakin Quran və Sünnədən heç bir dəlil olmadığına baxmayaraq, bir neçə müasir alim cahilliyin üzr olmadığını söyləmişdir.

İbn Useymin (rahiməhullah) buyurur:
– Heç kəs cahilliyin üzr olmadığına dair bir dəlil gətirə bilməz! Əgər cahillik üzrlü olmasaydı, o zaman Rəsulların göndərilməsinin heç bir hikməti olmazdı. (Şeyx Useymin, “Liqaun Məftuh”, “Hukmul Murciə va mən yuzəru bicəhlihi”)

Bilirik ki, iman şöbələrə bölünür. Bunların bəziləri qəlbdə, bəziləri dildə, bəziləri isə bədən üzvlərindədir. Eləcə də bilirik ki, sələfin ittifaqına görə üzrsüz şəhadət kəliməsini söyləməyən kafirdir. Üzr dedikdə isə danışa bilməyən, lal nəzərdə tutulur. Həmçinin sələfin ittifaqına görə qəlbi əməllər olmasa insan kafirdir. Məs, təsdiq, məhəbbət, qorxu və s. Həmçinin ittifaq etmişlər ki, zahiri əməllərdən dördü istisna olmaqla, yəni namaz, oruc, zəkat və həcc istisna olmaqla, hər hansı bir zahiri əməli tərk edən kafir deyildir. Bu dörd zahiri əməlin tərkinin hökmündə isə alimlər ixtilaf etmişdir.

Bizim, yəni sələfilərin xavariclərdən bir fərqimiz də odur ki, biz böyük günah sahibini təkfir etmirik. Və iman babında, əhli-sünnənin etiqadına əsasən deyirik ki, imanın şöbələrindən bir hissəsinin getməsi ilə, imanın əsli getmiş sayılmır. Hətta imanın əsli getməyincə… Yəni bir kəsdə imanın əsli gedərsə, onda artıq iman getmişdir. Lakin hər hansı bir hissənin olmaması, imanın əslinin getməsi demək deyildir.

Namaz qılmayanı təkfir edən elm əhli bu məsələyə müxalif olmuşlar. Çünki onlar zahiri əməllərdən olan namazı tərk edəni kafir saymışdırlar. Ona görə də onlar bu məsələdə kənara çəkilmişdirlər.

Kim söyləsə ki, zahiri əməlləri tərk edən kafirdir, bu xətadır.
Namaz qılmayanı təkfir edən alimlərdən şeyx Useymin, Şəfaət hədisinin şərhində buyurur:

– Bu hədisin mənası budur ki, Allah (subhənəhu və təalə) Peyğəmbərlərə, mələklərə və saleh insanlara izn verəcək ki, Cəhənnəmdən bəzilərinin çıxmasına şəfaətçilik etsinlər. Beləliklə də, onların şəfaəti sayəsində, Cəhənnəmdən Allahın (subhənəhu və təalə) istədiyi qulları çıxacaq. Şəfaətçilər bitdikdə isə, tək olaraq rəhmli və mərhəmətli olan Allah qalacaqdır və Allah (subhənəhu və təalə) öz rəhməti ilə Cəhənnəmdən istədiyi qulları çıxaracaqdır. Allahın azad etdiyi kəslər olduqlarının bilinməsi üçün onların boyunlara möhürlər vurulacaqdır. Onlar Cənnətə daxil olacaqdır. Hədisdə keçən (لم يعملوا حسنةً قط) “Heç zaman xeyir əməl etməyiblər!” kəliməsi o deməkdir ki, (أنهم ما عملوا أعمالاً صالحة) onlar saleh əməl etməmişdilər. (لكن الإيمان قد وقر في قلوبهم)Lakin iman onların qəlblərinə daxil olmuşdur.

Birinci ehtimal odur ki, heç bir xeyir əməl etməyib, Cəhənnəmdən çıxanlar əməl etməyə imkanları olmadan ölüb.

İkinci ehtimal odur ki, bu ümumidir, lakin burada istisna vardır. Hansı ki, Quran və Sünnə dəlalət edir ki, namaz qılmayan kafirdir.(Məcmuul Fətava- 2/48)

Təbii ki, şeyx Useyminin gətirdiyi birinci ehtimal düzgün deyildir. Çünki alimlər buna cavab olaraq buyurur ki, insanlar Cəhənnəmə əməlləri ucbatından düşəcəkdir. Demək ki, onların iman gətirdikdən sonra əməl etməyə imkanları olmuşdur. Eləcə də Allahın rəhmətindəndir ki, iman gətirdikdən sonra əməl etməyə vaxt etməyənləri Cəhənnəmə salmasın. Çünki insan İslama daxil olduqda, onun keçmiş günahları bağışlanır.

Diqqət edin, Şeyx Useymin bu hədisin şərhində, hədisin zahirinin sələfin iman mövzusunda əqidəsinə zidd olduğunu qeyd etmədi. Və əgər şeyx Useymin namaz qılmayanı təkfir etməsəydi, o zaman ikinci ehtimalın irəli sürülməsinə nə gərək olardı? Buradan görünür ki, şeyx Useymin namaz qılmayanı təkfir etməsəydi, hədisin zahirini deyəcəkdir. Yəni, heç bir əməl etməyib Cəhənnəmdən çıxanlar olacaqdır. Bu da dəlalət edir ki, zahiri əməllər imanın kamilliyi üçündür.

Əgər biz namaz qılmayanı kafir sayan alimlərdən zahiri əməlləri tərk edənin hökmünü soruşsaq, onlar deyəcəklər:
– Bəli, küfrdür. Çünki namaz da zahiri əməllərə daxildir.

Lakin burada bir incəlik vardır, bu alimlər namaza görə təkfir edirlər.
Quran və Sünnədən olan dəlillərə əsasən, zahiri əməlləri tərk edən əbədiyyən cəhənnəmdə qalmayacaqdır. Ola bilər kimsə elmsizliyi ucbatından, bu deyilənlər ilə arxayınlaşıb, zahiri əməlləri tərk edə bilər. Lakin həmin kəs bilsin ki, bu cür etmək bəladır və böyük xətadır.

Sadəcə bu haqda danışmaqda məqsədimiz, zahiri əməlləri tərk edəni kafir sayan, onların əbədi olaraq Cəhənnəmdə olacaqlarını söyləyən və bunu Sələfin icmasının qeyd etdiyini söyləyənlərin xəta etdiklərini bəyan etməkdir.

Şübhə yoxdur ki, zahiri əməllər imandandır. İmandan deyil söyləyənlər muciələrdir.
Həmçinin Quran və Sünnə dəlalət edir ki, imanın əsli qalaraq, zahiri əməli tərk edən kəs Allahın (subhənəhu və təalə) istəyi altındadır.

Zahiri əməllərin imanın kamilliyi üçün olmasını sübut etmək üçün Quran, Sünnə və alimlərin fikirlərindən bir neçəsini zikr edək:

إن الله لا يغفر أن يشرك به ويغفر ما دون ذلك لمن يشاء ومن يشرك بالله فقد افترى إثما عظيما

Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur. (Nisa surəsi, 48)

Bu ayə ümumidir və heç bir qeydlə xüsusiləşməyib. Yəni Allahu təalə bildirir ki, günah nə qədər böyük olsa da, şirkdən başqa istədiyini bağışlayacaqdır.

İbn Abbas rəvayət edir ki, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur:

قَالَ اللَّهُ عَزَّ وَجَلَّ:ابْنَ آدَمَ , إِنَّكَ مَا دَعَوْتَنِي وَرَجَوْتَنِي غَفَرْتُ لَكَ عَلَى مَا كَانَ فِيكَ , وَلَوْ أَتَيْتَنِي بِقُرَابِ الأَرْضِ خَطَايَا لَقِيتُكَ عَلَى الأَرْضِ مَغْفِرَةً مَا لَمْ تُشْرِكْ بِي , وَلَوْ بَلَغَتْ خَطَايَاكَ عَنَانَ السَّمَاءِ , ثُمَّ اسْتَغْفَرْتَنِي لَغَفَرْتُ لَكَ

– Allah (subhənəhu və təalə) dedi:
– Ey Adəm övladı! Nə qədər mənə dua edib, ümid bəsləsən sənin günahlarını bağışlayaram. Əgər hüzuma yer dolusu qədər günahla gəlsən və Mənə heç bir şeyi şərik qoşmasan sənə yer dolusu qədər məğfirətlə gələrəm. Sənin günahların səmaya qədər çatsa belə, sonra Məndən bağışlanma diləsən, səni bağışlayaram. (Təbərani- “Kəbir” kitabı, 12346; İmam Əhməd , 20961; əd-Dərami, Sunən-2686; ət-Təbəri, Təhzibul Əsər-1940; Bəğavi, Şərhus-Sunnə-1929)

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur:

« مَا مِنْ عَبْدٍ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ثُمَّ مَاتَ عَلَى ذَلِكَ إِلاَّ دَخَلَ الْجَنَّةَ ». قُلْتُ وَإِنْ زَنَى وَإِنْ سَرَقَ قَالَ « وَإِنْ زَنَى وَإِنْ سَرَقَ ».

Elə bir insan yoxdur ki, “Lə iləhə illəllah” desin və bunun üzərində ölsün, Cənnətə daxil olmasın.

Əbu Zərr dedi:
Ey Allahın elçisi, zina və oğurluq etsə belə?
Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur:
Zina edib, oğurluq etsə belə… (Buxari-7/192; Muslim, Kitəbul İmən-1/66)

Bu onu göstərir ki, kim “Lə iləhə illəllah” deyərsə və şirk etməzsə, dediyi bu kəlimə ona fayda verəcəkdir. Kim deyərsə ki, fayda verməyəcək, o zaman həmin kəs Rasulullahın (sallAllahu aleyhi və səlləm) sözünə qarşı həddi aşmışdır. Çünki Peyğəmbər (sallAllahu aleyhi və səlləm) bu hədislərdə yalnız bu kəlməni deməyi bildirmişdir.
Bu hədislər onu göstərir ki, günahkar bu kəliməni deyibsə, cəhənnəmdə yansa belə, onun son mənzili Cənnət olacaqdır.

Hədislərin birində deyilir:
– Səhabələr münafiqlər haqqında söhbət edərkən, bu söhbət Məlik bin Dəxşəm və ya Duxşum adlı bir münafiqə gəlib çatır. Rasulullah (sallAllahu aleyhi və səlləm) səhabələrin bu kəs haqda söylədiklərini dinlədikdən sonra buyurur:

أَلَيْسَ يَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ

Məgər o Allahın tək ilah olduğuna şəhadət gətirmirmi?

Səhabələr dedi:

إِنَّهُ يَقُولُ ذَلِكَ

O bunu deyir.

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur:

والذي بعثني بالحق لئن قالها صادقا من قلبه لا تأكله النار أبدا قالوا فما فرحوا بشيء قط كفرحهم بما قال

Məni haqq üzərinə göndərənə and olsun ki, əgər bu kəliməni sadiq qəlblə deyərsə, heç vaxt ona od toxunmaz.
Səhabələr buna sevinən kimi, heç nəyə sevinməmişdilər. (İmam Əhməd, Musnəd-16049)

Sual olunur: Əgər bu kəlimə əməlsiz fayda vermirsə, orada olan səhabələr nə üçün sevinirdilər?

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur:

فَإِنَّ اللَّهَ قَدْ حَرَّمَ عَلَى النَّارِ مَنْ قَالَ : لاََ إِلَهَ إِلاَّ اللَّهُ يَبْتَغِي بِذَلِكَ وَجْهَ اللهِ.

Allahu təalə bu kəliməni deyib, Onun rizasını qəsd edənlərə Cəhənnəmi haram etmişdir. (Səhih əl-Buxari-425)

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur:

وَشَفَاعَتِي لِمَنْ شَهِدَ أَنْ لا إِلَهَ إِلا اللَّهُ مُخْلِصًا يُصَدِّقُ قَلْبُهُ لِسَانَهُ وَلِسَانُهُ قَلْبَهُ.

Mənim şəfaətim o kəslərdir ki, onlar şəhadət kəlməsini ixlasla deyirlər, qəlbləri dillərini, dilləri də qəlblərini təsdiqləyir. (İmam Əhməd-8009, İbn Hibban-6466, Həkim-1/70, əz-Zəhəbi səhihləşdirib.)

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur:

مَا مِنْ نَفْسٍ تَمُوتُ تَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ , وَأَنِّي رَسُولُ اللهِ , يَرْجِعُ ذَلِكَ إِلَى قَلْبِ مُوقِنٍ , إِلاَّ غَفَرَ اللَّهُ لَهَا.

Ölən elə bir nəfs yoxdur ki, yəqin qəlblə, Allahın tək haqq ilah olduğuna və mənim Onun Rəsulu olduğuma şahidlik gətirsin və Allah onu bağışlamasın. (İbn Macə, Albani səhih deyib)

Bu dəlillərin heç birində Rasulullah (sallAllahu aleyhi və səlləm) əməli qeyd etmədi, söyləmədi ki: “Əməli sözünü təsdiqləyərsə”, əksinə söylədi ki: “Dili qəlbində olanı təsdiqləyərsə”.

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) bu hədislərində buyurdu ki, qəlbi ilə təsdiqləyərsə, lakin sən bununla düşünməki münafiqlər Cənnət əhlidir.
Həmçinin, yuxarıda keçən hədislər zahiri mənası ilə götürülür, kim hədisi zahiri mənasından çıxardarsa artıq dəlil gətirməlidir.

Və əgər desək ki, şəhadət kəlməsinin fayda verməsi üçün mütləq əməl lazımdır, onda bu hədislərin əhəmiyyəti itir.

Elə isə burada nə yenilik var idi?
Axı hamı bilirdi ki, iki şəhadət kəlməsini deyib əməl etmək cənnətə girmək üçün səbəbdir. Bunu bütün səhabələr bilirdi, çünki buna Quran və Sünnə dəlalət edir. Lakin bu hədislərdə başqa bir müjdə var idi, yəni təzə bir müjdə var idi ki, iki şəhadət kəlməsini sadiq qəlblə demək Cənnətə girmək üçün səbəbdir, hətta müvəqqəti Cəhənnəmdə yanarsa belə…

Ona görə kim deyərsə ki, bu hədislərin zahiri mənası fayda vermir və mütləq əməl olmalıdır, o kəs artıq böyük xəta etmişdir. Çünki bu söz batildir.

Söz ayrı, əməl ayrıdır. Əgər əməl lazım olsaydı, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) bunu qeyd edərdi.
Doğrudur, əməl lazımdır. Əməli lazım bilməyənlər, yalnız zəlalət əhlidir.

Lakin mövzu budur ki, (zahiri) əməl imanın sihhəti yoxsa kamilliyi üçün lazımdır?!
Böyük sələfilər bildiriblər ki, zahiri əməllər imanın kamilliyi üçündür.

Həmçinin, bilirik ki, hər bir nəticənin bir səbəbi vardır və bu səbəb ya tam yaxud da naqis səbəb olur.
Bunun izahı: Tam səbəb, müəyyən bir nəticənin olması deməkdir. Və ya tam səbəb, müəyyən bir nəticəyə çatdırandır. Misal üçün: Günəşin zəvalı zöhür namazının vacibliyi üçün tam səbəbdir.
Naqis səbəbə isə misal məs: Bir insan ağıllı olsa, lakin həddi buluğa çatmasa o hələ mükəlləf olmuş sayılmır. Həmçinin həddi buluğa çatsa, lakin ağıllı olmasa bu kəs mükəlləf olmuş sayılmır. Deməli mükəlləflik üçün hər ikisinin bir yerdə cəm olması zəruridir. Biri olsa digəri olmasa artıq səbəb- naqis səbəb sayılır.

Bunu bildikdən sonra isə Rasulullahın (sallAllahu aleyhi və səlləm) bu sözünü aydın şəkildə anlayırıq:
“Lə İləhə İlləllah deyən cənnətə daxil olacaqdır”.

Burada “Lə İləhə İlləllah” kəlməsi Cənnətə əzabsız girmək üçün səbəbdir, lakin naqis səbəbdir, nəticənin baş verməsi üçün və ya hasil olması üçün, bununla yanaşı başqa bir səbəbə, yəni əmələ ehtiyac vardır.

Lakin bir insanın son mənzili cənnət olması üçün “Lə İləhə İlləllah” demək tam bir səbəbdir.

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur:

« لاَ يَدْخُلُ الْجَنَّةَ نَمَّامٌ ».

“Nəmmam cənnətə daxil olmayacaqdır” (Muslim- 1/70)

Deməli burda “nəmmamlıq” səbəbdir ki insan cənnətə daxil olmasın. Lakin naqis səbəbdir, nəmmamlıqla yanaşı başqa səbəbdə olmalıdır, o da bunu halal saymaqdır və ya küfr etməkdir.

Həmçinin Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur:

مَنْ صَلَّى الْبَرْدَيْنِ دَخَلَ الْجَنَّةَ.

“Kim sübh və əsr namazını qılarsa Cənnətə daxil olar” (Buxari- 1/150)

Burada bu namazları qılmaq Cənnətə əzabsız daxil olmaq üçün səbəbdir, lakin naqis səbəbdir, bununla yanaşı başqa bir səbəbə ehtiyacı var. O da başqa namazlar və başqa vacib əməllərdir.

Həmçinin, nəticənin hasil olması üçün maneələrin itməsi gərəkdir. Məsələn: Təkəbbürlük Cənnətə daxil olmamaq üçün səbəbdir, lakin eyni anda tövhidin olması Cəhənnəmdə əbədi qalmaq üçün bir maneədir.

Həmçinin məşhur hədisdə o kişi ki, öləndən sonra yandırılmasını əmr edir, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) o kişi haqqında buyurur: “O insan heç vaxt xeyir əməl etməmişdir”. (Buxari, 3479; Nəsai, 2079, Müslim, 2756 /25; İbn Macə, 3432; Əhməd, 2/269)

Lakin bununla yanaşı Allah təala onu bağışladı. Çünki o insanda təsdiqdən əlavə Allah qorxusu var idi. Həmin o qorxu Cəhənnəm əzabından qurtulmaq üçün bir səbəb oldu.

Şeyx Ğuneyman buyurur:
– Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) –“Heç vaxt xeyir əməl etməyib”sözündəki məqsəd zahiri əməllərdir. Yəni, heç vaxt zahiri əməlləri etməyib, lakin onun qəlbində imanın əsli var idi. Həmçinin o kişinin “bunu sənin qorxundan etdim” deməsi dəlalət edir ki, o insan Allaha və Haqq-hesab gününə inanırdı. (Kitəbut-Təuhid-in şərhi)

Həmçinin Şeyxul İslam İbn Teymiyyə bu hədis haqqında danışarkən buyurur:
– “O kişi Allaha, Axirət gününə, insanın öldükdən sonra Allah tərəfindən mükafat və ya cəza aldığına inandığına görə, artıq bununla saleh əməl etmişdir.”

Hansı saleh əməl? Axı Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur ki “Heç bir xeyir əməl etməyib?!”

Şeyxul İslam İbn Teymiyyə buyurur:

وَهُوَ خَوْفُهُ مِنْ اللَّهِ أَنْ يُعَاقِبَهُ عَلَى ذُنُوبِهِ –

– O qorxurdu ki, Allah təala onu gunahına görə cəzalandırar. (Fətava, 12/491)

Yəni Şeyxul İslam əməl deyəndə “qorxunu” qeyd etdi ki, o da qəlbi əməllərdəndir.

Bəzi iddialar və onların cavabı:

1- Bəziləri iddia edir ki, bu hədisdə namaz istisnadır! Yəni bu dəlil ümumidir. Nassın namaz qılmayanın kafir olmasına dəlalət etməsi, namazı xüsusiləşdirir. Ona görə də namaz istisnadır.

Bu iddiaya cavab olaraq deyirəm:
– Əgər bir xəbərdə istisna zikr olunursa, ondan sonra xüsusiləşmək qəbul olunmur. Çünki bu artıq Peyğəmbəri (sallAllahu aleyhi və səlləm) məsələni bizə tam bəyan etməyib- deyə ittiham etməkdir ki, bu da batildir.
Çünki Peyğəmbər (sallAllahu aleyhi və səlləm) hədisdə yalnız tövhidi istisna edərək buyurdu, “İllət-Təuhid”. Əgər lazım olsa idi, namazı da istisna edərdi. Demək namaz istisna deyildir.
Həmçinin, namaz qılanlar, oruc tutanlar, həcc edənlər hədisin əvvəlində zikr olunmuşdur. Sonra isə deyilir ki, Cəhənnəmdən elə insanlar çıxacaq ki, onlarda yalnız sadiq qəlb ilə deyilən tövhid kəlməsi olacaqdır.

Həmçinin belə hədislər çoxdu, misal olaraq şəfaət hədislərini gətirmək olar.

Bir hədisdə gəlib ki, Əbu Hureyra Peyğəmbərdən (sallAllahu aleyhi və səlləm) soruşur:

يَا رَسُولَ اللهِ مَنْ أَسْعَدُ النَّاسِ بِشَفَاعَتِكَ يَوْمَ الْقِيَامَةِ

Ey Allahın Rəsulu: Qiyamət günü sənin şəfaətinə nail olan xoşbəxt insanlar kimlərdir?
Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur ki:

مَنْ قَالَ : لاََ إِلَهَ إِلاَّ اللَّهُ خَالِصًا مِنْ قَلْبِهِ ،

Sadiq qəlblə “lə iləhə illəllah” deyənlər. (Buxari, “Kitabu ər’rəqaiq” 51’ci fəsil, 61570 nömrəli hədis; “Fəthu əl’Bari” 510’ci hədis; ən’Nisai və Əhməd)

Diqqət edin, burada Rasulullah (sallAllahu aleyhi və səlləm) qeyd etdi ki. Şəfaətimə nail olanlar sadiq qəlb ilə “lə iləhə illəllah” deyənlər olacaq.

2- Bəziləri iddia edir ki, bu hədislər, yəni şəfaət hədisləri zəifdir və ya şazzdır.

Bu iddiaya cavab olaraq deyirəm:
Bunu yalnız hədis elmindən və ya şəriətdən anlayışı olmayan deyə bilər. Çünki bu şəfaət hədisləri Buxari və Muslimdə keçir. Ümmətin böyük imamları (bir neçə alim istisna olmaqla) Buxari və Muslimdə olan hədislərin qəbulunda icma etmişdirlər. Necə ki, bunu Şeyxul İslam İbn Teymiyyə, İbn Həcər və başqaları qeyd etmişdir.

3- Bəziləri də şübhə gətirərək deyir ki: “Bəzi hədislərdə gəlib ki, cəhənnəmdən səcdə və namaz əhli çıxacaq” yəni mütləq alında səcdə izi olmalıdır!

Bu iddia batildir, bunu bu cür başa düşmək-sadəcə fəhmin dar olmasından irəli gəlir.
İndi soruşuram:
– Bir insan sübh namazından sonra şəhadət kəliməsini deyərək hər şeydən tövbə etdi və islama daxil oldu! Lakin zöhr namazına qədər olan vaxtda içki içib, zina etdi və öldü! Bu insan müsəlmandır yoxsa kafir?
Cavab: O insan müsəlman kimi öldü və o cəhənnəmdə yanarsa belə, onun son mənzili Cənnətdir.

4- Bəziləri iddia edir ki, bu hədislər mütəşabih hədislərdir və mütləq muhkəm olan hədislərə qaytarılmalıdır.

Bu iddiaya cavab olaraq deyirəm:
– Subhənallah, bu hədislər əsrlərdir mövcuddur və bunlara heç kim mütəşabih hədis deməmişdir. İndi kiminsə bu hədislərə mütəşabih deməsi ağla sığmayan bir şeydir. Və bu o deməkdir ki, o onun özünə mütəşabihdir. Əslində isə bunlar açıq aydın hədislərdir.

5- Həmçinin, bəziləri iddia edir ki, Əgər “Lə İləhə İlləllah” deyən Cənnətə girəcəksə deməli münafiqlər də cənnətə girəcəkdir, çünki onlar da bu kəliməni deyirlər.

Bu iddiaya cavab olaraq deyirəm:
– Burada söhbət təkcə bu kəliməni deməkdən getmir, məlumdur ki, burda mütləq qəlbi əməl olmalıdır. Yəni əgər filan kəliməni demək qeyd olunubsa, mütləq qəlbə bağlanmalıdır. Misal üçün.

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) əmisi Əbu Talibə “Lə İləhə İlləllah” deməsini əmr edir. (Buxari 1360, Müslim, 9/39)

Və ya başqa hədisdə gəlib ki, ərəblərə deyərdi:

قُولُوا لاَ إِلَهَ إِلاَّ اللَّهُ تُفْلِحُوا

“Lə İləhə İlləllah” deyin və nicat tapın. (İmam Əhməd- 3/492 )

Və onlar tək bu sözdən anladılar ki, Rasulullah (sallAllahu aleyhi və səlləm) onlardan şirki tərk etməyi, yəni qəlbən Allahın şəriətinə bağlanmağı istəyir. Yəni söz ilə yanaşı təsdiq də lazım idi, lakin münafiqlər təsdiq etmirdilər. Onlar yalnız dildə ifadə edirdilər.
6- Bəziləri iddia edir ki, Şəfaət hədisində, Cəhənnəmdən çıxanlar o kəslər olacaq ki, onlar İslama daxil olub və əməl etməyə vaxtları qalmayıb.

Bu iddiaya cavab olaraq deyirəm:
Bu düzgün deyildir. Çünki, əgər bir kafir islama daxil olarsa, İslam onun keçmiş günahlarını aparar. Və o günahlar artıq tərəziyə qoyulmur. Əgər İslama gəldikdən sonra tövbəsinə sadiq olarsa, Allah təala vəd verib ki, onun günahlarını tərəzinin sağ tərəfinə qoyacaq, o günahları savaba çevirəcək. Allah təala buyurur:

إِلَّا مَنْ تَابَ وَآمَنَ وَعَمِلَ عَمَلًا صَالِحًا فَأُولَئِكَ يُبَدِّلُ اللَّهُ سَيِّئَاتِهِمْ حَسَنَاتٍ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا

Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir! (Furqan surəsi, 70)

7- Bəziləri iddia edir ki, Səhabələr namaz qılmayanın kafir olması haqda icma etmişdir, demək ki, burada namaz istisnadır və o Cəhənnəmdən çıxanların namazları var idi.
Bu iddiaya cavab olaraq deyirəm:

Bu iddia batildir. Səhabələr namaz qılmayanı təkfir etməkdə icma etməmişdirlər. Bunu dəfələrlə demişik və yenə deyirəm: “Səhabələr namaz qılmayanı təkfir etməkdə icma etməmişdirlər.”
Bunu deyən adamın bir az fəhmi olsa bilərdi ki, bu cür demək onun özünə hüccətdir. Əgər səhabələr bu məsələdə icma etsəydilər bu hədislər böyük işkəl yaradardı. Və biz onlardan bu hədislərin açıqlamasını görərdik, yəni bu barədə əsərlər və şərhlər olardı. Amma biz tam əksini görürük, heç bir səhabə bu hədisləri, yəni şəfaət hədislərini başa düşməkdə çətinlik çəkməmişdir. Bu da ən güclü dəlillərdəndir ki, “Səhabələrin namaz qılmayanı təkfir etməsində olan icmanı deyənlərin sözü batildir”
Həmçinin bilmək lazımdır ki, hədislərdə namazın tərk olunmasına görə gələn küfr sözü kiçik küfrdür, yəni İslamdan çıxarmayan küfrdür. Necə ki Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur:

– « مَنْ حَلَفَ بِغَيْرِ اللَّهِ فَقَدْ كَفَرَ أَوْ أَشْرَكَ »

“Allahdan qeyrisinə and içən artıq küfr etmişdir” (Əhməd, “Müsnəd” 2/125; Tirmizi 1535; Albani “Səhihul Cəmi” 6204)

Həmçinin buyurub ki:

سِبَابُ الْمُسْلِمِ فُسُوقٌ وَقِتَالُهُ كُفْرٌ.

“Müsəlmanı söymək fasiqlik, öldürmək isə küfrdür” (Səhihu-l-Buxari 1/17, Səhihu-l-Muslim 10/464, Musnədu Əhməd 5/181) və burada nəzərdə tutulan küfr, alimlərin ittifaqına görə kiçik küfrdür, yəni İslamdan çıxarmayan küfrdür.

Kim namazın tərkinə gələn küfrün böyük küfr olduğunu, yəni İslamdan çıxaran küfr olduğu iddia edirsə, dəlilini gətirməlidir.

“Kim namazı tərk etsə artıq küfr etmiş olur” (Nəsai: 1\ 250\ № 462. Tirmizi: 5\ 15\ № 2621. İbn Macə: 1\ 342\ № 1079.) hədisindəki küfr sözünün böyük küfr olduğunu iddia edərək namaz qılmayanı təkfir edəndən bu hədislərdə (“Müsəlmanı öldürmək küfrdür”), (“Allahdan qeyrisinə and içən artıq küfr etmişdir”) qəsd olunan küfrün kiçik və ya böyük olduğunu soruşduqda o deyəcəkdir:
– Bu hədislərdə kiçik küfr qəsd olunur.

Çünki əhli sünnə alimləri ittifaq edib ki, burada qeyd olunan küfr İslamdan çıxartmayan küfrdür.

Bu zaman deyirəm: Sən namazda olan küfrə böyük küfr, and içmədə olan küfrə isə kiçik küfr dedin. İndi bunu ayırdığına görə mənə dəlil gətir, nəyə əsasən bunların arasında fərq qoydun?

Və beləliklə də bu şübhə aradan qalxır.

Xülasə, bu şəfaət hədisləri və buna oxşar olan hədislər dəlalət edir ki, bir insan sadiq qəlblə, yəni qəlbi təsdiqlədiyi halda “Lə İləhə İlləllah deyərsə” o Cəhənnəmdə əzab çəksə belə, onun son mənzili Cənnət olacaqdır. Və bununla da bilinir ki “Zahiri əməllər” imanın sihhəti üçün yox, əksinə kamilliyi üçün şərtdir.

Sələfilərin ittifaqına görə İmanın əsli qəlblə deyib dillə təsdiq etmək, furusu isə zahiri əməllərlə göstərməkdir.

Misal olaraq bir ağacı qeyd edək. Ağacın kökü və budaqları olur və əgər ağacın budaqları kəsilərsə, o demək deyil ki, ağac məhv oldu. Xeyr, sadəcə olaraq budaqların olmaması ağacın naqisləşməsinə səbəbdir. Amma ağacın kökü, yəni əsli gedərsə, artıq ağac məhv olmuş sayılar. Eləcə də iman. İmanın Əsli Qəlb ilə təsdiq edib dil ilə demək, budaqları isə bədən üzvlərinin əməlləridir. Yəni əməllərin olmaması imanın tam getməsi demək deyil. Əsli gedərsə isə tam getmiş sayılar.

Qeyd etdik ki, böyük sələfilər və cumhur alimlər zahiri əməlləri imanın kamilliyi üçün şərt görmüşdürlər.

1- İmam Zuhri

İmam Zuhri böyük tabiinlərdən idi və ona “buhurul elm” deyirdilər. İmam Zuhri buyurur:

الْإِسْلَامُ الْكَلِمَةُ وَالْإِيمَانُ الْعَمَلُ

İslam kəlimədir, iman isə əməldir.(əl-Xalləl, əs-Sunnəh, 4/13)

Həmçinin sələfilər islamı kəlimə, imanı isə əməl görürdülər. (əl-Xalləl, əs-Sunnəh, 4/13)

Bu sözdə də İmam Zuhrinin məqsədi odur ki: İnsan kəliməyə görə İslamla vəsf olunur. Yəni, insan ən aşağı hədlə kəliməyə görə müsəlman sayılır.
Dünya hökmünə görə tək kəliməni demək kifayət edir, Axirət hökmünə görə isə, bu kəliməyə mütləq qəlbi əməl qoşulmalıdır. Amma Cənnətə əzabsız düşmək üçün, yəni kamil mömin olmaq üçün mütləq zahiri əməllər edilməlidir.

Şeyxul İslam İbn Teymiyyə İmam Zuhrinin bu sözünü şərh edərkən bu sözü təsdiqləyərək buyurur:

فَلَا يَكُونُ مُسْلِمًا إلَّا مَنْ شَهِدَ أَنْ لَا إلَهَ إلَّا اللَّهُ وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ

“İnsan Allahın tək haqq İlah olduğuna və Peyğəmbərin Allahın qulu və elçisi olduğuna şəhadət gətirmiyincə müsəlman ola bilməz.”

Daha sonra buyurur:

وَهَذِهِ الْكَلِمَةُ بِهَا يَدْخُلُ الْإِنْسَانُ فِي الْإِسْلَامِ .
فَمَنْ قَالَ : الْإِسْلَامُ الْكَلِمَةُ وَأَرَادَ هَذَا فَقَدَ صَدَقَ

“Bu kəlimə ilə insan İslama daxil olur. Kim desə ki İslam Kəlimədir və bunu qəsd etsə artıq doğru demişdir. “

Sonra ibn Teymiyyə sözünə davam edərək buyurur:

ثُمَّ لَا بُدَّ مِنْ الْتِزَامِ مَا أَمَرَ بِهِ الرَّسُولُ مِنْ الْأَعْمَالِ الظَّاهِرَةِ كَالْمَبَانِي الْخَمْسِ وَمَنْ تَرَكَ مِنْ ذَلِكَ شَيْئًا نَقَصَ إسْلَامُهُ

Bu kəliməni dedikdən sonra Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) əmr etdiyi zahiri əməlləri etmək lazımdır və kim bu zahiri əməllərdən nəyisə tərk etsə artıq onun imanı naqisləşir.(Fətava, 7/269)

2- İmam Əhməd

Saleh ibn Əhməd ibn Hənbəl atasından soruşdu:

ما زيادته ونقصانه

İman necə artıb, azalır?

İmam Əhməd buyurur:

زيادته العمل ونقصانه ترك العمل

Artması əməl etmək, azalması isə əməli tərk etməkdir. (əl-Xalləl, əs-Sunnəh, 3/588)

Məs: namazı, zəkatı, həcci və sair fərzləri tərk etmək kimi.

3- Muhamməd ibn Cərir ət-Təbəri

Muhamməd ibn Cərir ət-Təbəri buyurur:
– Biz böyük günah sahiblərinə itlaqən deyirik ki onlar müsəlmandır, çünki Allahı təkləşdirib və onun Rəsulunun gətirdiyini təsdiqləyən müsəlmandır. (ət-Təbsir fi Məalimiddin, 183)

Bəziləri deyiblər ki “iman qəlblə bilmək,dillə iqrar etmək və bədən üzvləri ilə əməl etməkdir. Kim bunların ikisi ilə gəlsə, yəni o kəsdə üçüncü olmasa ona mömin demək caiz deyildir. Lakin ikisi ilə gəlsə, yəni qəlblə bilsə və dillə təsdiq etsə və əməli zay etsə, yəni əməli olmasa deyirik müsəlmandır. (ət-Təbsir fi Məalimiddin, 188)

4- Muhəmməd İbn Batta

Bir insan imandan islama çıxa bilər, islamdan isə yalnız şirk ilə və ya hansısa fərzləri inkar edərək çıxır. Tənbəllikdən tərk etsə isə Allahın istəyi altında olar. (əş-Şərhu val İbənə, 183)

5- İbnu Məndəh

– Camaat əhli, yəni Əhli sünnəyə görə iman budur: “Dillə, Qəlblə və bədən üzvləri ilə olan itaətlərin hamısı imandandır. Həmçinin imanın kökü və budağı vardır. ”

Daha sonra əslini izah edərək buyurur:
– İmanın əsli: Allahı tanımaq, Onu və Ondan gələn hər bir şeyi dil və qəlblə təsdiq etmək, Onu sevmək, Ondan qorxmaq, Ona təzim etmək və bununla yanaşı inadkarlığı və təkəbbürlüyü tərk etmək. Əgər kimsə bu şeylərlə gələrsə, artıq imana daxil olmuşdur və mömin adlanır. Ona imanın əhkamları tətbiq olunur. Bu insan imanını kamil etmək üçün fərzləri yerinə yetirib qadağanlardan çəkinməlidir. Buda zahiri əməllərdir. (Kitəbul İmən, 1/331)

6- İbn AbdulBərr

İbn AbdulBərr beş namaz hədisini şərh edərkən buyurur:
– “Bu hədis dəlalət edir ki, müsəlmanlardan namaz qılmayanlar Allahın istəyi altındadır. Əgər tövhid əhli olub, Peyğəmbərdən gələnlərə iman gətirib təsdiq edib, lakin əməl etməsə belə. (Hidəyətul Mustafid min kitəbit Təmhid Liş-şeyx Atiyyə Səlim, 3/290)

Diqqət edin! Va in ləm yəa’məl! Əməl etməsə belə!

Yəni, əməl etməsə belə Allahın istəyi altındadır. İndi kim deyə bilər ki İbn AbdulBərr murciyə olub? Əlhəmdulilləh, İbn AbdulBərr böyük sələfilərdən idi.

Həmçinin İbn AbdulBərr cariyənin hədisini şərh edərkən buyurur:
– “İki şəhadət kəliməsini sadiq qəlb ilə deyən mömindir.” (Hidəyətul Mustafid min kitəbit Təmhid Liş-şeyx Atiyyə Səlim, 10/321)

7- Şeyxul İslam İbn Teymiyyə

Şeyxul İslam buyurur:
– Allah təala “Yə eyyuhəlləzinə əmənu” dedikdə, bu xitaba, zahirdə imanını izhar edən daxildir. Həmçinin kim batinində Peyğəmbərin gətirdiyini təsdiq etsə artıq Allahın “Yə eyyuhəlləzinə əmənu” xitabına daxildir, asi olsa da belə. Sonra isə buyurur:

وَإِنْ كَانَ لَمْ يَقُمْ بِالْوَاجِبَاتِ الْبَاطِنَةِ وَالظَّاهِرَةِ

Və hətta batini və zahiri vacibləri etməsə belə.

Yəni əməl etməsə belə. Sonra Şeyx buyurur:

وَأَمَّا مَنْ كَانَ مَعَهُ أَوَّلَ الْإِيمَانِ فَهَذَا يَصِحُّ مِنْهُ لِأَنَّ مَعَهُ إقْرَارَهُ فِي الْبَاطِنِ بِوُجُوبِ مَا أَوْجَبَهُ الرَّسُولُ وَتَحْرِيمِ مَا حَرَّمَهُ وَهَذَا سَبَبُ الصِّحَّةِ

Həmçinin kimdə imanın əvvəli olsa artıq onlardan sayılır yəni, iman əhli sayılır.

لِأَنَّ مَعَهُ إقْرَارَهُ فِي الْبَاطِنِ بِوُجُوبِ مَا أَوْجَبَهُ الرَّسُولُ وَتَحْرِيمِ مَا حَرَّمَهُ

Çünki o insanın batinində yəni qəlbində Peyğəmbərin vacib etdiyi şeylərin vacibliyini və haram etdiyi şeylərin haramlığını iqrar edirdi.

وَهَذَا سَبَبُ الصِّحَّةِ

Məhs buda İmanın sihhətidir.

Açıq aydın deyir ki imanın sihhəti qəlb ilə vacibləri iqrar edib, həmçinin haram olan şeylərin də haramlığını iqrar etməkdir.

Daha sonra Şeyxul İslam imanın kamilliyini qeyd edir və sözünün ardınca buyurur:

وَأَمَّا كَمَالِهِ

O ki qaldı imanın kamilliyinə, imanın kamilliyi əmrləri yerinə yetirib qadağalardan çəkinməkdir. (Fətava, 7/423)

Açıq aydın deyir ki imanın sihhəti qəlb ilə vacibləri iqrar edib, həmçinin haram olan şeylərin də haramlığını iqrar etməkdir.

Açıq aydın buyurdu ki: İmanın sihhəti dil ilə iqrar edib qəlb ilə təsdiq etməkdir, kamilliyi isə əmrləri edib qadağalardan çəkinməkdir.

وَأَصْلُهُ الْقَلْبُ وَكَمَالُهُ الْعَمَلُ الظَّاهِرُ

İmanın əsli qəlbdə, kamilliyi isə zahiri əməllərdə olur. (Fətava, 7/637)

Həmçinin Şeyxul İslamın tələbəsi olan Hafiz İbn Abdul Hədi öz kitabında Şeyxul İslam ilə İbn Murahhəl adında birinin münazirəsini zikr edir və orada geniş münazirə əsnasında İbn Teymiyyə bu məsələyə toxunaraq buyurur:

قال أهل السنة إن من ترك فروع الإيمان لا يكون كافرا حتى يترك أصل الإيمان وهو الاعتقاد

– Əhli sünnə deyir ki, imanın furusunu yəni budaqlarını tərk edən kafir olmur, hətta imanın əslini tərk etməyincə. İmanın əsli isə Etiqaddır.

İbn Temiyyə açıq-aydın qeyd edir ki, imanın budaqlarını tərk edən insan kafir sayılmır, insan o vaxt kafir sayılır ki, imanın əslini tərk edir. O da etiqaddır.
Hətta həmin münazirədə deyir ki, “Əməlləri tərk edəni kafir sayanlar xəvariclərdir”. (Həfiz İbn Abdul Hədinin Əluquddəriyyə kitabı 94-96)

8- İbnul Qeyyim

İbnul Qayyim də zahiri əməlləri imanın kamilliyi üçün şərt görmüşdür.

أن الايمان قول وعمل

İman söz və əməldir.

والقول قول القلب واللسان

Söz deyəndə yəni qəlbin sözü və dilin sözü nəzərdə tutulur.

والعمل عمل القلب والجوارح

Və həmçinin, əməl deyəndə qəlbin və bədən üzvlərinin əməli nəzərdə tutulur.

İbn Qeyyim bu sözləri dedikdən sonra buyurur:

وبيان ذلك

Bunun izahı:

أن من عرف الله بقلبه ولم يقر بلسانه لم يكن مؤمنا

Kim Allahı qəlbi ilə tanısa, lakin dili ilə iqrar etməsə mömin olmur.

وكذلك من قال بلسانه ما ليس في قلبه لم يكن بذلك مؤمنا بل كان من المنافقين

Həmçinin, kim dili ilə desə, lakin qəlbində heçnə olmasa mömin deyil, o insan münafiq sayılır. Yəni, qəlbi iman gətirmədiyi halda dili ilə deyərsə şəkk yoxdur ki, münafiqdir.

وكذلك من عرف بقلبه وأقر بلسانه لم يكن بمجرد ذلك مؤمنا حتى يأتى بعمل القلب

Həmçinin, kim qəlbi ilə bilərsə və dili ilə iqrar edərsə tək bununla mömin ola bilməz hətta qəlbi əməlləri olmasa.

Və bir neçə qəlbi əməlləri sayır və bildirir ki, qəlbi əməllər mütləq olmalıdır. Yəni mömin olmaq üçün, dil ilə iqrar etdikdən sonra mütləq qəlbi əməllər olmalıdır. Məs: Sevgi, qorxu və sair bu kimi qəlbi əməllər.

Yəni ibn Qeyyim buyurur ki: Tək dillə deyib qəlbən Allahı tanımaqla insan mömin olmur, yəni mömin olmaq üçün mütləq qəlbi əməllərin olmalıdır. İbn Qeyyim sözünə davam edərək buyurur:

واذا فعل ذلك لم يكف في كمال ايمانه حتى يفعل ما امر به

Əgər bunları etsə, yəni dili ilə iqrar etsə və qəlbi əməlləri olsa, əmr olunanları yerinə yetirmədikcə bu iki şey onun imanının kamil olması üçün kifayət deyildir. (İddətus-Sabirin, səh. 141)

Baxın, İbn Qeyyim rahimahullah açıq aydın bildirdi ki, dil ilə iqrar edib, qəlbi əməllər ilə gələn insan mömin olur, lakin imanı kamil olmur, ona görə buyurur ki:

لم يكف في كمال ايمانه

Bununla imanı kamil olmur. Şeyx demədi imanı olmur, əksinə dedi ki, imanı kamil olmur.

Daha sonra qeyd etdi ki, imanın kamil olması üçün əmr olunanlar edilməlidir. Əmr olunanları da etmək zahiri əməllərdir. Yəni, zahiri əməllər imanı kamilləşdirmək üçün şərtdir. Yəni İbn Qeyyim açıq aydın deyir ki, imanı kamilləşdirmək üçün zahiri əməlləri etməlisən.

Həmçinin başqa bir yerdə buyurur:
– İman ağacının əsli qəlbdə sabitdir, budağı isə saleh əməllərdir. (Tariyqul Hicrateyn, səh. 91)

9- İbn Rəcəb

İbn Rəcəb rahimahullah Əbu Səid əl-Xudrinin hədisini şərh edərkən, yəni şəfaət hədisini şərh edərkən buyurur:

Bu hədis dəlalət edir ki: “İman söz, yəni tövhid kəliməsi və qəlbi əməldir”. Və sonra buyurur:

وإنما يخرج عصاة الموحدين من النار بهذين الشيئين

– Tövhid əhlindən olan günahkarlar, bu iki şeylə,( بهذين الشيئين ) (yəni, dillə iqrar edib qəlbi əməl olarsa) Cəhənnəmdən çıxacaqlar. Yəni, İbn Rəcəb bildirir ki, bu ikisi ilə insan tövhid əhli ola bilər. (Fəthul Bari, 1/88)

İbn Rəcəb başqa kitabında buyurur:
– Şəfaət hədisində keçən Peyğəmbərin sözündə olan murad (“Onlar heç bir xeyr əməl işləməyiblər”- لَمْ يَعْمَلُوا خَيْرًا قَطُّ) , zahiri əməllərdən heç birini etməyiblər-deməkdir. (Təxviy Funnər, səh. 285)

10- İbn Əbil-İzz

İbn Əbil-İzz Təhəviyyənin şərhində iman mövzusunda danışarkən buyurur:

وقد أجمعوا على أنه لو صدق بقلبه وأقر بلسانه وامتنع عن العمل بجوارحه – : [ أنه ] عاص لله ورسوله

– Artıq Əhli Sünnə icma edib ki, kim Qəlbi ilə təsdiqləyib, dili ilə iqrar etdikdən sonra, zahiri əməlləri tərk edərsə, Allaha asi olmuş sayılır.(Təhəviyyənin şərhi, 463)

Bu haqda bir çox alimin görüşünü zikr etmək olar. İbn Kəsir (7/390), Təbəri, İbn Həcər, Muhəmməd ibn Əbu Yalə, İsmayıl İbn Muhəmməd əl-Əsbəhəni, Muhəmməd İbn Nəsır əl-Humeydi və s.

Xülasə, onu deyirəm ki, biz bu sözü özümüzdən çıxartmamışıq, həmçinin bu söz murciəlik deyil, əgər bu cür demək murciəlik olsa idi, onda bu qədər alim murciə olardılar. Əgər kim bundan sonra desə ki, yox bu murciəlikdir, artıq deməli o insan haqqı axtarmır, çünki burada Əlhəmdulilləh, böyük alimlərin sözlərini zikr etdik, bu qədər alimlərin sözlərini aşıb, bir nəfər və ya iki nəfər müasir alimin sözünü götürüb və bu qədər alimlərə murciə demək artıq ağılsızlıqdır.

Bəzi iddialar və onların cavabı

1- Şübhələrdən biri “Cinsul Əməldir.”

İlk növbədə, qeyd edim ki, Əhli sünnənin əqidəsindən xəbəri olan kəs bilir ki, Əhli sünnə “mucməl” yəni üstü örtülü və ya iki məna daşıyan sözlərdən uzaqdır, yəni onlar daim mucməl sözlərdən qaçıbdır. Və onlar daima Quran və Sünnədə gələn, səhabələrin, tabiinləri və onlardan sonra gələn xeyirli sələfilərin sözlərini istifadə edibdir. Yəni onlar heç vaxt kəlam əhlinin sözlərini istifadə etmiyiblər.

Və bu “Cinsul Aməl” mucməl sözlərdəndir, yəni iki məna daşıyan sözlərdəndir. Bu kəliməni Sələfilər işlətməyiblər, nə səhabələr işlədib, nə tabiinlər işlədib nə də ki ondan sonra gələn böyük imamlar. Yəni bu söz yeni bir sözdür. Halbuki iman mövzusunda Səhabələr də danışıb, tabiinlər də danışıb, böyük imamlar da danışıb amma heç biri bu kəliməni işlətmiyib. Deməli bu söz yeni bir sözdür. Həmçinin yenə deyirəm bu söz “mucməl” sözlərdəndir. Yəni iki məna daşıyı: Həm haqq tərəfi, həm də batil tərəfi vardır.

Deyirlər ki, “Cinsul Aməl” olmasa insan kafir olur.

Onlardan soruşuruq: “Bu söz ilə qəsdiniz nədir?”

Çünki əməlin həm qəlbi, həm də zahiri olduğunu bilirik. Əgər demək istiyirlərsə ki, ümumiyyətlə əməl olmasa insan kafir olur, o zaman biz də onlarla razıyıq. Çünki şəkk yoxdur ki, qəlbi əməllər olmasa insan kafirdir.

Yəni, əgər heç bir əməl olmasa deyərkən, qəlbi əməli də nəzərdə tuturlarsa, biz də onlarla razıyıq. O zaman biz də deyirik ki, “cinsul əməl” olmasa insan kafirdir.

Yox, əgər, “Cinsul Aməl” deyəndə, zahiri əməlləri nəzərdə tuturlarsa, onda bizə bu terminlə yox, “Cinsul Aməl” termini ilə yox, başqa ibarə ilə gətirsinlər, hansi ki, o ibarəni sələfilər işlədib və bildirib ki, zahiri əməl olmasa insan kafirdir.

Əks halda biz zahiri əməllərin hökmünü yuxarıda qeyd etdik və bildirdik ki, zahiri əməl olmasa insanın imanı kamil olmur. Yəni zahiri əməllər imanın kamilliyi üçündür.

Və ona görədə, bu “Cinsul Aməl” kəliməsi belə işkəllər törədir deyə Şeyx İbn Useymin dərslərinin birində bu “Cinsul Aməl” barəsində gözəl söz deyir. O vaxt ki, ona deyirlər ki, ya Şeyx “Cinsul Aməl” olmasa insan kafir olurmu? Şeyx İbn Useymin Rahimahullah buyurur:

من قال هذه القاعدة؟! من قائلها؟! هل قالها محمد رسول الله؟! كلام لا معنى له

Kim deyib bu qaydanı? Kim deyib onu? Yoxsa Peyğəmbər deyib? Kim deyib?

Sonra isə buyurur:
– “Bu söz mənasızdır.

Daha sonra deyir:
– Kafir o kəsdir ki, Allah və Rəsulu onu kafir saysın.

أما جنس العمل فهذا كله طنطنة لا فائدة منها.

O ki qaldı “cinsul əmələ” bunların hamısı boş şeylərdir və heç bir faydası yoxdur. (“Əsilətul Qatariyyə” dərsi)

2- Və sonra şübhələrdən deyirlər ki: “Külli əməli”-tərk edən, yəni bütün əməli tərk edən insan kafirdir.

Cavab: Bu sözdə mucməldir, çünki “Külli əməl” deyəndə artıq buna qəlbi əməl də daxil olur. Əgər “Külli əməli” deyərkən qəlbi əməllər də nəzərdə tutulursa, o zaman, doğrudur, qəlbi əməl olmasa insan kafirdir.

Yox, əgər “Külli əməli” deyərkən zahiri əməllər nəzərdə tutulursa, yuxarıda bəyan etdik ki, Quran və Sünnə, həmçinin sələfilərin sözləri dəlalət edir ki, zahiri əməlləri tərk etmək imanın əslini aparmır.

3- Deyirlər ki, bir-iki əməl edənin imanı var, lakin “Külli əməli” tərk edənin imanı yoxdur.

Cavab: Şəriətdə miqdar ilə imanı batil edən heç bir şey yoxdur. “Yəni, bir dəfə etsən imanın olur, lakin heç etməsən imanın olmur!- deyə bir şey yoxdur və bu batildir.
Necə ki, bu qaydanı Şeyxul İslam İbn Teymiyyə qeyd etmişdir. (“ƏssarimulMaslul” kitabı)

Əgər bir şey imanı pozursa, yəni bir əməl insanı kafir edirsə, onu sayından asılı olmayaraq, nə qədər etsən də kafir sayılırsan.

Misal olaraq, Peyğəmbəri (sallAllahu aleyhi və səlləm) söyən, onu istər bir dəfə, istərsə də on dəfə söysün, fərq etməz- o kəs kafirdir. Və yaxud, Allahın ayələrini inkar edən, istər bir ayə, istərsə də tam Qurani inkar etsin- fərq etməz, o kəs kafirdir.

Yəni “Külli əməli” tərk edən kafirdir, lakin bir neçə əməli tərk edən kafir deyil”- söyləmək batildir. Çünki əməli tərk etmək küfr olsaydı, say artıq heç bir önəm kəsb etmirdi. Yəni, fərq əməlin birini və ya hər birini tərk etmək, artıq heç fərq etməzdi.

Şeyxul İslamın gətirdiyi bu qayda çox gözəl və dəqiq qaydadır.

3- Şübhələrdən deyirlər ki, “nə qədər sələfilərin sözləri var deyiblər ki, əməlsiz iman yoxdur, əməlsiz söz fayda vermir və ya əməlin olmasa düz yolda ola bilməzsən, və ya əməlin olmasa mükafat yoxdur və ya əməlin olmasa səndən heçnə qəbul olunmayacaq və s.

Cavab: Təbii ki, bunu fəhmsiz və şəriətdən başı çıxmayan bir kəs söyləyər.
Sələfilərin bu kimi sözləri, ümumi sözlərdir, yəni bu o demək deyil ki, əməl olmasa kafirsən, aydındır? Bu sözlər o deməkdir ki, əməlsiz imanın naqis olur. Necə ki Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur ki:

لاَ يُؤْمِنُ أَحَدُكُمْ حَتَّى يُحِبَّ لأَخِيهِ مَا يُحِبُّ لِنَفْسِهِ.

Sizdən biriniz özünə istədiyini qardaşına istəməyincə iman gətirmiş olmaz. (Səhih Buxari- 1/10)

Əgər onların məntiqi ilə yanaşsaq, o zaman belə çıxır ki, özünə istədiyini qardaşına istəməyən kafirdir. Lakin belə deyildir. Burada məqsəd odur ki, imanın kamil olmaz.

Həmçinin sələfilərdən kim söyləyibsə “Əməlsiz iman yoxdur” bu o deməkdir ki, əməlsiz kamil iman yoxdur.

Və ya “Əməl etməsən imanın yoxdur” deyənə, sual edirəm:
– İmanımın olması üçün neçə əməl etməliyəm? Yəni, bu həddi kim təyin edib ki, imanın olması üçün filan sayda əməl edilməlidir?! Əgər cavab versə ki, imanın olması üçün bütün əməlləri etməliyəm, o zaman onun özü də iman etmiş sayılmır. Ona görə bu qayda batildir.

4- İddia edirlər ki, namaz qılmıyan kafirdir və bu icmadır.

Cavab: Bu sadəcə şübhədir.
Vallahi, bunu savadsız və dindən başı çıxmayan bir kəs deyər. Və ya məqsədi başqadır, çünki fakt budur ki, bu məsələ icma deyil. Demək ki, sənin çıxıb bu məsələyə icma deməyin- məqsədlərinin başqa olduğuna dəlalət edir.

Təsəvvür edin ki, Şeyxul İslam İbn Teymiyyə deyir ki, Məsələ ixtilaflıdır. Kimsə çıxıb deyirsə, “Xeyr, bu icmadır!”- artıq bu adam oyun oynamış olur.

5- Həmçinin camaatı aldatmaq üçün yalandan “Filan alim namaz qılmayanı kafir sayır!” deyərək, böyük alimlərin adlarını sadalamağa başlayırlar. Məs: İmam Şafii, İmam Məlik, İmam Əhməd, İbn Teymiyyə və sair.

Cavab: Bu üslub şübhə əhlinin üslublarındandır. Misal üçün 4 -böyük məzhəb alimi namaz qılmayanı müsəlman sayıb, sadəcə olaraq tək İmam Əhməddən bu barədə iki rəy sabit olub və səhih də odur ki, İmam Əhməd namaz qılmıyanı müsəlman sayıbdır. (İbn Qudamə, Muğni)

Həmçinin İbn Teymiyyə açıq aydın deyir ki, “namazı bütövlüklə tərk edən” kafirdir. Bu “bütövlüklə” sözünü bəziləri elmsizlikləri dolayından, həmçinin Şeyxul İslamın danışmaq üslubundan xəbəri olmadığından, elə başa düşübki, İbn Teymiyyə bu sözlə demək istəyir ki, namaz qılmayan kafirdir.

Amma bu əsla belə deyildir, bu fikir batildir. Şeyxul İslam İbn Teymiyyə “namazı bütövlüklə tərk etmək deyəndə” ölümə razılaşıb namazı tərk edəni qəsd edir. Yəni, qılıncı boğazına tuturlar və deyirlər ki, ya namaz qılacaqsan, ya da ki, öldürəcəyik. Əgər o insan ölümü seçirsə artıq namazı bütövlüklə tərk etmiş sayılır.

Və Şeyxul İslam da “namazı bütövlüklə tərk edən” deyəndə bunu nəzərdə tutur.

Sual edilə bilir: Haradan bilirik ki, İbn Temiyyə bunu qəsd edirdi?

Cavab: Böyük alimlər Şeyxul İslamın sözünü belə başa düşüblər, məs: Şeyx Albani və başqaları.
Hətta Şeyx Cibrinə bu barədə şəxsən sual verdim və şeyx Cibrin Rahimahullah cavabında dedi:
– “Şeyxul İslam ğlümə razı olub, lakin namaz qılmağa razı olmayanı kafir adlandırmışdır.”

Yəni bu alimlərin fəhmidir. Əlhəmdulilləh.

Şeyxul İslamın bu sözünü isə hamı deyir, bu icmadır. Lakin “Şeyxul İslam namaz qılmayanı kafir sayır” – demək, bu xətadır.

6- Həmçinin deyirlər ki: “Mən bu rəyi almışam problem olan nədir? Və elə hesab edir ki, əgər bu rəyi aldınsa, deməli artıq bitdi, kim namaz qılmırsa hüccətsiz kafirdir.

Cavab: Bu batildir, lap hesab edək ki, sən o rəyi almısan, bu o demək deyil ki, kim namaz qılmırsa kafirdir. Hətta o rəyi götürsək belə, təkfirin şərtləri o insan tətbiq olunmamış o insan kafir sayılmır.

Necə ola bilər ki, şirk edən insanı dərhal kafir saymaq olmursa, namaz qılmayanı dərhal kafir sayaq? Bu batildir. Təsəvvür edin, Əhli sünnənin etiqadına görə şirk və ya küfr edən insan dərhal kafir olmur, o vaxta qədər ki təkfirin şərtləri ona tətbiq olunyınca, əgər bu belədirsə namaz qılmayan dərhal təkfir olunur? Vallahi, bunu cahil deyər.

Ona görə o alimlər ki, namaz qılmayanı kafir sayıb, onlar bunu ümumi edirlər, necə ki ümumi deyirlər ki, Allahdan başqasını çağıran muşrikdir, amma şəxsə gələndə hüccət və s. şərtlər tətbiq olunur. Həmçinin də namaz.

Ola bilsin hansısa alim “Namaz qılmayan kafirdir”-desin! Bu ümumi hökmdür, amma bir şəxs qılmırsa mütləq ona şərtlər tətbiq olunmalıdır. Əgər şirk edənə tətbiq olunursa, demək namaz qılmayana da tətbiq olunmalıdır.

Müəllif: Rəşad Hümbətov

Sonda Həmd olsun aləmlərin Rəbbi olan Allaha!

Yüklə – DOC [161 KB] Yüklə – PDF [321 KB]
TƏKFİR FİTNƏSİ - ƏHLİ SÜNNƏTİN TƏKFİR MƏSƏLƏSİNDƏ MÖVQEYİ

Digər faydalı dərslər