ƏHLİ SÜNNƏ VƏL CƏMAAT

Sələfi Salihin Əqidəsi

Qiyamətin böyük və kiçik əlamətləri

Bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
27 Oktyabr 2009-Cu İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №DK-365/Q

TOPLAYAN VƏ TƏRTİB EDƏN: K.HÜSEYN
KİTABIN BÜTÜN HAQLARI QORUNUR

RƏHİMLİ VƏ MƏRHƏMƏTLİ OLAN ALLAHIN ADI İLƏ

ÖN SÖZ

Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Məhəmməd onun qulu və elçisidir.

«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün». (Ali-İmran 102).

«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) Bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1).

«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar». (əl-Əhzab 70-71).

Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd – səllallahu aleyhi və səlləm – in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə zəlalətdir (sapıqlıqdır), hər bir zəlalət isə oddadır .

«Ey Rəbbim! köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar». (Ta ha 25–28).

Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah – səllallahu aleyhi və səlləm – in yoluna uyaraq öz risaləmi «Bismilləh» ilə başlayıram. Çünkü Allah Rəsulu – səllallahu aleyhi və səlləm – də öz məktublarını «Bismilləh» ilə başlamış və buyurmuşdu: «Hər mühüm bir işə «Bismilləh» ilə başlanılmazsa, o işin sonu kəsikdir».

Əhli Sünnə vəl Cəmaat axirət gününə etiqad edir və inanırlar. Bunun mənası da Qiyamət günü Allahın kitabında, Rəsulullah – sallallahu aleyhi və səlləm – in sünnəsində ölümdən sonra Cənnətliklərin Cənnətə, Cəhənnəmliklərin də Cəhənnəmə girəcəyi zamana qədər meydana gələcək şeylərə dair verilmiş xəbərlərin hamısına inanmaqdır. Axirət günü Allahın insanları haqq-hesab və cəza (əməllərinin qarşılığını verməsi) üçün dirildəcəyi Qiyamət günüdür.

Ona bu adın verilməsinin səbəbi, ondan sonra gün olmayacağına görədir. Çünki artıq Cənnətliklər Cənnətə, Cəhənnəmliklər də Cəhənnəmə yerləşdiriləcəklər. «Qiyamət mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin insanların çoxu inanmaz». (əl-Mumin 59). «Sizə vəd olunan (Qiyamət) həqiqətdir. Haqq-hesab (cəza və mükafat) da labüddür». (əz-Zariyat 5-6). «O, kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur) iman gətirir və axirətə də şəksiz inanırlar». (əl-Bəqərə 4).

Yüklə – DOC [964 KB] Yüklə – PDF [1.6 MB]