ƏHLİ SÜNNƏ VƏL CƏMAAT

Sələfi Salihin Əqidəsi

TƏKFİR FİTNƏSİ

ƏHLİ SÜNNƏTİN TƏKFİR
MƏSƏLƏSİNDƏ MÖVQEYİ

TOPLAYAN VƏ TƏRTİB EDƏN: K.HÜSEYN
KİTABIN BÜTÜN HAQLARI QORUNUR

Yüklə – DOC [5.3 MB] Yüklə – PDF [7.4 MB]

RƏHİMLİ VƏ MƏRHƏMƏTLİ OLAN ALLAHIN ADI İLƏ

ÖN SÖZ

Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Məhəmməd onun qulu və elçisidir.

«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün». (Ali-İmran 102).

«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) Bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1).

«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar». (əl-Əhzab 70-71).

Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd – səllallahu aleyhi və səlləm – in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə zəlalətdir (sapıqlıqdır), hər bir zəlalət isə oddadır .

«Ey Rəbbim! köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar». (Ta ha 25–28).

Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah – səllallahu aleyhi və səlləm – in yoluna uyaraq öz risaləmi «Bismilləh» ilə başlayıram. Çünkü Allah Rəsulu – səllallahu aleyhi və səlləm – də öz məktublarını «Bismilləh» ilə başlamış və buyurmuşdu: «Hər mühüm bir işə «Bismilləh» ilə başlanılmazsa, o işin sonu kəsikdir».

Ən-ənəmizə sadiq olaraq Uca və Böyük olan Allahın izni ilə Əhli Sünnə vəl Cəmaat, Sələfi Salihin əqidəsi ilə bağlı olan kitabları toplamağa davam edirik. Bu günkü mövzumuz günümüzdə ən aktual mövzu olan Təkfir fitnəsi ilə bağlıdır.

Əhli Sünnə vəl Cəmaat əqidəsinin əsaslarından biri də budur ki, onlar cahil və təvilçi bir kimsənin küfrə aparan bir əməl işləməsi halında – tərk edənin kafir olmasına səbəb təşkil edəcək olan – dəlili ona qarşı ortaya qoymadıqca İslam dinindən çıxdığını söyləməzlər. Onlar yenə də qəlbi iman ilə dolu olub onunla rahat və hüzur tapması ilə məcbur edilən bir kimsənin də küfrə götürən bir əməl etməsiylə və ya sözüylə dindən çıxdığını söyləməzlər.

Şirkdən daha aşağı olan, böyük günahlardan hansını işləyirsə işləsin bu günahı səbəbiylə heç bir müsəlmanın kafir olduğunu söyləməzlər, belə bir günahı işləyən kimsənin kafir olduğu hökmünü verməzlər. Onlar o, kimsəni o, günahı halal qəbul etmədiyi müddətdə və ya dindən olduğu qəti (zəruri) olaraq bilinən bir şeyi inkar etmədiyi müddətdə o, kimsənin fasiq və ya imanının əskik olduğuna hökm edərlər.